BAKI. 20 yanvar. REPORT.AZ/ Avropa İttifaqına (Aİ) üzv dövlətlər müsəlman ölkələri ilə yeni anti-teror layihələri həyata keçirmək niyyətindədir.
"Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, kəşfiyyat mahiyyətli məlumatların daha çox paylaşılmasını istəyən Avropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi günü Brüsseldə Ərəb Liqasının baş katibi Nabil Elarabi ilə görüşüblər.
Görüşdən sonra Avropa İttifaqının xarici işlər şöbəsinin rəhbəri Federika Mogerini deyib ki, qurum şübhəli terrorçular və mümkün hücumlarla bağlı Ərəb dünyasının, Afrika və Asiyanın bir sıra ölkələri ilə məlumatları bölüşəcək.
Britaniyanın Xarici İşlər naziri Filip Hammond Avrop ölkələrinin qitənin təhlükəsizliyinin təmin edilməsi üçün işləməyə hazır olduğunu deyib. Onun sözlərinə görə, rəsmilər potensial terrorçuların izinə düşmək üçün daha effektiv yolların tapılmasına çalışır.