İlk alman kosmonavtı Ziqmund Yen 83 yaşında vəfat edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Aerokosmik Mərkəzi (DLR) bildirib.
"Ziqmund Yenin ölümü ilə biz tanınmış kosmonavtı, alimi və mühəndisi itirdik", - deyə DLR-in rəhbəri Paskal Erenfroynd bildirib. "O, həmişə Şərqlə Qərb arasında körpülər tikir, kosmosdan dinc məqsədlər üçün istifadə uğrunda çıxış edirdi", - Paskal Erenfroynd əlavə edib.
Ziqmund Yen 1978-ci ilin 26 avqustunda kosmosa uçan ilk alman olub. O, sovet kosmonavtı Valeri Bıkovski ilə birlikdə "Soyuz-31" kosmik gəmisi ilə "Salyut-6" orbital stansiyasına yola düşüb. Ziqmund Yen Yer kürəsinə qayıtdıqda Sovet İttifaqı və Almaniya Demokratik Respublikasının Qəhrəmanı fəxri adlarını alıb.
O, AFR və ADR-in birləşdirilməsindən sonra Almaniya Aerokosmik Mərkəzi, həmçinin Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq edib. Keçmiş kosmonavt ömrünün sonlarını Berlin yaxınlığındakı Ştrausberq yaşayış məntəqəsində keçirib.