Koronavirus epidemiyası geniş yayılaraq pandemiya səviyyəsində kütləvi xarakter alıb.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə Almaniyanın federal səhiyyə naziri Yens Şpahn məlumat verib.
“Vəziyyət sürətlə dəyişir. Xəstəliyin pik nöqtəsinə çatmadığı aydındır”, - deyən nazir ölkə səhiyyəsinin epidemiyaya qarşı mübarizəyə hazır olduğunu, əlavə olaraq xəstəxanalar üçün qoruyucu geyimlər alınacağını da diqqətə çatdırıb.
Bununla yanaşı, naməlum xəstəliyin yayılması nəticəsində müəyyən təlaşın yarandığı, ərzaq mallarına tələbatın artması ilə bəzi supermarketlərin boşaldığı da qeyd olunub.
Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma halları 200-ü ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 82 ölkə və regionu əhatə edir.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 380-ə çatıb. Bunların 51 317 nəfəri sağalıb, 3 221 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.