Yuxarı

ABŞ Sudana müdaxilə etməyəcəyini açıqlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ “Sudandakı böhranı həll etmək üçün xarici müdaxilə olmayacaq”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Kiril Sartor Xartumda Sudan Prezidentinin müavini Faysal Hasan İbrahimlə görüşdə bildirib.

“Sudan inkişaf və keçid mərhələsindədir. Sudana hər hansı bir xarici müdaxilə edilməyəcək. Hökumətin problemin siyasi həllini tapması üçün daha çox səbr ediləcək”, - müşavir vurğulayıb.

K.Sartor deyib ki, rəsmi Xartum ölkə vətəndaşlarının barışcıl ifadə haqqına hörmət göstərməlidir.

O, Faysal Hasan İbrahimlə görüşünün məhsuldar olduğunu vurğulayaraq, ABŞ-la Sudanın güclü ortaq olması üçün birlikdə fəaliyyət göstərəcəklərini deyib.

Sudan Prezidentinin müavini də ABŞ-la danışıqları davam etdirməkdə qərarlı olduqlarını söyləyib.

Qeyd edək ki, 2018-ci il dekabrın 19-dan Sudan Prezidenti Ömər əl-Bəşirin istefası tələbi ilə aksiya keçirilir. Ömər əl-Bəşir islahat və ölkədə vəziyyətin yaxşılaşacağı ilə bağlı söz verərək hakimiyyətin seçki yolu ilə dəyişəcəyini bildirir.

Sudan hakimiyyəti etiraz tədbirlərində 32, Beynəlxalq Əfv Təşkilatı isə 51 aksiya iştirakçısının öldüyünü bildirir.

ABŞ-ın o vaxtkı Prezidenti Bill Klinton 1997-ci il noyabrın 3-də Sudana qarşı sanksiya tətbiq etmişdi. Ağ evin indiki sahibi Donald Tramp 2017-ci il oktyabrın 6-da Sudana tətbiq edilən ticarət sanksiyasını ləğv edərək ölkəni terrorçuları dəstəkləyənlər siyahısından çıxarmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi