Futbol üzrə Argentina millisi 92 ildən sonra antirekordunu təkrarlayıb.
"Report"un məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu yığma Qətərdə keçirilən dünya çempionatının I turunda uğursuzluqla üzləşib.
Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə uduzan komanda mundiallar tarixində 1930-cu ildən sonra ilk hissədə öndə olduğu matçda uduzub. Argentina ilk turnirdə Uruqvay seçməsinə (ilk hissə 2:1, yekun 2:4) məğlub olmuşdu.
Həmin qarşılaşmada 34 yaşdan yuxarı olan 4 futbolçusu (Lionel Messi, Nikolas Otamendi, Anxel Di Mariya, Papu Qomez) start heyətdə meydana çıxıb. Bu dünya çempionatları tarixində ilk belə haldır.
Cənubi Amerika təmsilçisi ilk hissədə 7 dəfə oyundan kənar vəziyyətə düşüb. Bu, 2002-ci ildən sonrakı mundiallarda görünməmiş hadisədir. 20 il əvvəl İspaniya yığması İrlandiya ilə matçın ilk yarısında 9 dəfə bu halla rastlaşıb.
Çempionatlar tarixində ilk dəfə bir komandanın kapitanı rəqib kapitanın penaltisini dəf edib. Bu qolsuz başa çatan Meksika - Polşa görüşündə gerçəkləşib. Meksikalı Gilyermo Oçoa Robert Levandovsinin fərqlənməsinə mane olub.