Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (Əhya) gecəsi qeyd olunub.
"Report" xatırladır ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir.
"Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına əsasən, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Qeyd olunur ki, fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Qeyd edək ki, Şəvval ayının 1-i, mayın 2-də Azərbaycanda Ramazan (Fitr) bayramı qeyd olunacaq. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkədə iki gün – mayın 2-si və 3-ü bayram günləridir.
"Report" “Xanım Fatimeyi Zəhra” məscidindən hazırladığı fotoreportajı təqdim edir:
FOTO: Mirzə Əlizadə