Şuşa şəhərində "Dini etiqad azadlığı və azad mediada: sərhədlər haradan başlayır" mövzusunda panel müzakirə keçirilib.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" mövzusunda seminar çərçivəsində təşkil edilmiş ilk sessiyanın moderatoru Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov olub.
O qeyd edib ki, Azərbaycan cəmiyyətində ideoloji mövzuda əsas problem millət və din anlayışının qarşı-qarşıya qoyulmasıdır.
Seminarda çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov isə dünya ölkələrinin 2/3-də media azadlığının qənaətbəxş səviyyədə olmadığını söyləyib:
"Dünyadakı əsas tendensiyalardan biri də, təəssüf ki, islamafobiyanın təbliğidir. Azərbaycanın yerləşdiyi regionda isə dinin siyasiləşməsi prosesi, təəssüf ki, mövcuddur. Bu mediaya da öz təsirini göstərə bilir. Ona görə ideoloji mövzularda şərh verərkən mütləq ixtisaslaşmaya, təcrübəyə ehtiyac var".
O qeyd edib ki, Azərbaycanın sərhəd bölgələrində qonşu ölkələrin radio, televiziya dalğaları üstünlük təşkil edir: "Ona görə, yerli medianın izlənməsini azaltmaqla bərabər, informasiya təhlükəsizliyinə təhdiddir. Dəfələrlə bu məsələ qaldırılsa da, həll edilməsi mümkün olmayıb".
Sosial mediaya gəlincə, R.Həsənov düşünür ki, sosial mediada məzhəbçilik, mövhumatçılıq, nifrət çağırışları üstünlük təşkil etməyə başlayıb: "Sosial medianın hüquqi tənzimlənməsi daha çətin olduğundan bununla mübarizə də nisbətən çətinləşir. Məsələn, rəqəmlərə əsasən, son 13 ildə antisemitizmlə bağlı cəmi 1 cinayət hadisəsi qeydə alınıb. Halbuki dini, milli zəmində ayrı-seçkilik hüquqla dələduzluq maddəsinə aid edilir. Hesab edirəm ki, bu düzgün deyil".
"Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov isə bildirib ki, bəzi hallarda bir neçə media orqanında dində ixtilaflara, məzhəb ayrı-seçkiliyinə aid məlumatlar yayımlanır. R.Həşimov bunu təəssüfləndirici hal adlandırıb: "Müasir jurnalistikanın mövqeyi ziyanverici olmamalı, ölkədəki dini rifahı qorumağa hesablanmalıdır".
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli isə qeyd edib ki, Şuşada qlobal media ənənəsi formalaşıb:
"Şuşada növbəti qlobal media forumlarının da əhəmiyyətli mövzularda keçiriləcəyinə inanırıq. Din mövzusu isə medianın həssas mövzuları sırasındadır. Ona görə də bu, Azərbaycana qarşı yönələn təxribatlarda əsas vasitədir. Nəticədə Azərbaycan dezinformasiya hədəfindədir və informasiya mühiti çirklənir. Dövlətin media siyasətinin bu mövzuda üç prioritet istiqaməti var. Birincisi, inzibati və hüquq müstəvisində mübarizədir. İkinci mübarizə forması isə jurnalist peşəkarlığının artırılması, media azadlığının genişləndirilməsidir. Azərbaycanda senzuranın bütün növləri qadağandır, redaksiya müstəqilliyi siyasəti həyata keçirilir. Üçüncü vacib prioritet isə cəmiyyətin media savadlılığının artırılmasıdır. Əgər bu, yetərincə olarsa, cəmiyyət doğru və yalan xəbəri asanlıqla ayırd edə bilər".
Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov isə vurğulayıb ki, Şuraya indiyə qədər Azərbaycan mediasındakı din mövzusu ilə əlaqədar ciddi şikayət daxil olmayıb: "Yalnız bir fakt ağlıma gəlir. Xarici ölkələrdən birinin Azərbaycandakı səfirliyindən Mətbuat Şurasına daxil olan şikayətdə qeyd edilirdi ki, qəzetlərin birində İsa peyğəmbər təhqir olunub. Həmin qəzet tanınmayan, kiçiktirajlı mətbu orqandır. Ona görə, şikayətin məqsədli olması ilə əlaqədar ciddi tədbir görülmədi. Jurnalistlərin etik davranış kodekslərində həssas dini mövzuların işıqlandırılması zamanı ictimai maraqların əsas götürülməsi nəzərdə tutulur. Ona görə də, mediada dinlə bağlı xüsusi təfriqə yaradacaq hallarla rastlaşmamışıq. Sadəcə bəzi məqamlarda "IP" toplamaq naminə atılan qeyri-peşəkar addımlarla qarşılaşırıq. Bu baxımdan jurnalistlərin ixtisaslaşması, maariflənməsi istiqamətində tədbirlərin, treninqlərin artırılmasına ehtiyac var".
Sessiya müzakirə və sualların cavablandırılması ilə davam etdirilib.