"Son zamanlar məscidlərdə yox, internet üzərindən qadınların radikalizmə cəlbetmə faktları müşahidə olunur. İnternet üzərindən bu cür qadınlar rahat aşkar edilərək onlara yalan vədlər verməklə inandırıb fəaliyyətlərə cəlb edirlər".
"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Dini radikalizm və xurafatla mübarizədə qadınların yeri və rolu" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq araşdırmaların nəticəsinə görə terroru törədən 10-15 % iştirakçı məhz qadınlardır: "Niyə məhz qadınlar? Bir çox cəmiyyətdə hələ də gender ayrıseçkiliyi, gender əsaslı zorakılıq halları olduğuna görə qadınlar sanki təcrid olunmuş qruplara çevrilirlər. Hələ də onların psixoloji, sosial cəhətdən zəif olduğu icmalar var və burada qadınlara təsir etmək çox asandır. Bir çox ölkədə qadınlar hələ həssas qrupdan olan nümayəndələr kimi baxılır. Əgər qadın ailədə zorakılığa məruz qalırsa cəmiyyətə öz töhfəsini verə bilmirsə, sözü eşidilmirsə həmin qadınların dini radikalizmə cəlbi çox asandır. Radikalizmdə qadınlar məsələsi məni narahat edir. Bir çox terror faktlarında məhz qadınlardan istifadə olunur. Bəzən bu məsələ dövlətlərin diqqətindən kənarda olsa da, narahatedici məqamdır. Misal olaraq, son dəfə Türkiyədə terror faktını qadın törətmişdi".
T.İbrahimova bildirib ki, qadınların hər hansı problemlərlə rastlaşması zamanı məlumatlar mütləq şəkildə dövlət orqanlarına çatdırılmalıdır: "İl ərzində Dövlət Komitəsinə erkən nikahla bağlı 40-50 məlumat daxil olur. Onların hüquqları əlindən alınır".
"Son zamanlar ölkədə təhsildən yayınma hallarına tez-tez rast gəlinir. Xüsusilə də dinin təsiri güclü olan ailələrdə qızları təhsilə cəlb etmək çox çətin olur. Bu sahədə aidiyyəti üzrə qurumlarla birgə səyləri birləşdirmək vacibdir. Selektiv abort bu gün Azərbaycana xas olan ciddi problemdir. Ölkəmiz bu sahədə ön sıralardadır. Həmçinun məişət zorakılığı və erkən nikahlar da geniş yayılıb. Dövlət idarəetməsində qadınlar təmsil olunsa da, amma istənilən səviyyədə deyil. Nazir, icra başçılarında qadınların sayı qənaətbəxş deyil. Lider qadınların sayını artırmaq önəmlidir", - şöbə müdiri vurğulayıb.
Komitə rəsmisi əlavə edib ki, yaxın zamanlarda gender bərabərliyinin təmini ilə bağlı milli fəaliyyət planı olacaq, hazırda layihə yekunlaşmaq üzrədir.