"Azərbaycanda hazırda qiyabi dini təhsil yoxdur. Yəni, kimsə hansısa kolleci qiyabi təhsil aldığına dair sənədlə gələrsə, onu qəbul etməyəcəyik".
Bunu “Report”a müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini təhsil şöbəsinin müdiri, dinşünas Elnarə Kərimova deyib.
Şöbə müdiri Dövlət Komitəsində qeydiyyatdan keçmiş dini kolleclərin və ya dini icmaların yaratdığı kursları bitirən şəxslərin diplomlarının tanınmadığını bildirib:
"Bəribaşdan deyim ki, bu mümkün deyil. Birincisi, ali və orta ixtisas təhsilinin hüquqi meyarları var. İslam kolleclərinin nizamnamələrinə diqqət yetirsəniz, görəcəksiniz ki, orda təhsil müddətinin 4 il olduğu qeyd olunub. Deməli, kolleclərin verdiyi təhsilin müddəti 4 il olmalıdır və bu diplomlarda öz əksini tapmalıdır. Əgər kimlərsə həmin kolleclərin nəzdində fəaliyyət göstərən kursları 3 il, 2 il və ya 1 il oxuduqlarına dair hansısa sənəd təqdim edəcəklərsə, təbii ki biz onu qəbul edə bilməyəcəyik".
O qeyd edib ki, hər hansı dini kollecin nəzdində yaradılmış kursu bitirən şəxs Dövlət Komitəsinin elan etdiyi müsahibədə iştirak edə bilməyəcək: "Bütün hallarda ali dini təhsil yalnız Azərbaycan İlahiyyat İnstitutunda, orta ixtisas təhsili isə kolleclərdə həyata keçirilir və təhsil müddəti 4 ildir. Onu da xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycanda hazırda qiyabi dini təhsil yoxdur. Yəni, kimsə hansısa kolleci qiyabi təhsil aldığına dair sənədlə gələrsə, onu da qəbul etməyəcəyik".
"Hazırda dini təhsil sahəsində qarşımıza qoyduğumuz prinsipial məqamlardan biri ondan ibarətdir ki, dini təhsil qiyabi və ödənişli ola bilməz. Məsələn, Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsizdir və burada qiyabi təhsil yoxdur. Bakı İslam Universiteti uzun illər fəaliyyət göstərib və buradan məzun olmuş şəxslər bu gün dini sahədə çalışırlar. Amma bu universitet ödənişli olduğuna görə imkansız ailələrdən olan gənclər burada təhsil ala bilmirdilər. Nəticədə xarici ölkələrə üz tutmaq məcburiyyətində qalırdılar. Eyni zamanda, Bakı İslam Universitetində, onun Lənkəran, Mingəçevir, Sumqayıt filiallarında qiyabi təhsil mövcud idi. Bu gün onların məzunlarının bilik səviyyəsinə baxdıqda görürük ki, əyani təhsil alanlarla qiyabi təhsil alanların arasında ciddi fərq var" - E.Kərimova əlavə edib.
Şöbə müdiri, dinşünas Elnarə Kərimovanın geniş müsahibəsini buradan oxuya bilərsiniz.