“Son 30 il ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğınlara və qan tökülməsinə, işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın demək olar ki, bütün tarixi və dini abidələrinin dağıdılmasına baxmayaraq, Azərbaycan erməni kilsələrini diqqətlə qoruyur”.
"Report" xəbər verir ki, bunu Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri Seymur Nəsirov "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində "Müstəmləkəçilik, yeni imperializm və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər” adlı plenar sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, islamofobiya ilə bağlı ilk beynəlxalq konfransın Azərbaycanda keçirilməsi təsadüfi deyil.
"Bütün dinlər əslində, sülhə və qardaşlığa çağırır, lakin təəssüf ki, bəzi insanların şəxsi maraqları ucbatından buna nail olmaq çətindir və bu, müsəlmanlara nifrətin yeni səbəblərini ortaya çıxarır", - S.Nəsirov deyib.
“Fransız mütəfəkkirlərindən biri deyirdi ki, müsəlmanları tabe etdirmək mümkün deyil, çünki onlar dinə, imana və taleyə bağlıdırlar”, - Ümumdünya Fətva Orqanları üzrə Baş Katibliyin müşaviri islam dininin tarixindən danışarkən bildirib.
O, müsəlman dünyasında xristianların həmişə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edib.
S.Nəsirovun sözlərinə görə, islam dininə etiqad edənlər islamofobiyadan qorunmaq üçün birləşməli, insanlığa və müsəlmanlara sevgi ideyalarını təbliğ etməlidirlər.