Şərur rayonunun Ələkli kəndində sakinlərin təşəbbüsü və vəsaiti hesabına “Şəhidlər” məscidi tikilir.
“Report”un yerli bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sadiq Qurbanov, Bakıda fəaliyyət göstərən Ələkli Kənd Cəmiyyətinin sədri Mübariz Həsənov və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov qeyd ediblər ki, 44 günlük Vətən müharibəsində Muxtar Respublikamızın hər yerində olduğu kimi, Ələkli kəndinin də mərd oğulları iştirak edib, şücaət göstəriblər.
Qeyd olunub ki, şəhid mayor İlkin Rzayev, şəhid baş leytenant Adil İbrahimli, şəhid leytenant Elton Qənbərli, şəhid leytenant Rauf Qurbanov, şəhid müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sərxan Salahov zəfərin əldə olunmasında yaxından iştirak edib, ən ali zirvəyə - şəhidlik zirvəsinə ucalıblar.
Bildirilib ki, şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq kənd sakinlərinin təşəbbüsü və öz vəsaiti hesabına kənddə “Şəhidlər” məscidi inşa olunur. Buna kəndin Naxçıvandan kənarda yaşayan xeyirxah insanları da köməklik göstərirlər.
Tədbirdə şəhid valideynləri, ziyalılar və digər çıxış edənlər də 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs edib, öz xatirələrini bölüşüblər.
Ələkli kənd tam orta məktəbinin şagirdləri şəhidlərə, vətənə həsr olunmuş şerlər səsləndiriblər.
Sonra “Qurani Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib. Şəhid valideynlərinin iştirakı ilə “Şəhidlər” məscidinin təməli qoyulub.
Qeyd edək ki, məscidin ümumi sahəsi 170 kvadratmetrdir. Burada kişilər üçün 70, qadınlar üçün 30 nəfərlik zallar nəzərdə tutulub. Burada hər cür müasir şərait yaradılacaq. Məscidin tikintisi üçün ilkin mərhələdə 50 min manat vəsait ayrılıb.