Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? - RƏY

Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? - RƏY Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır
Din
31 Avqust , 2017 16:42
Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? - RƏY

Bakı. 31 avqust. REPORT.AZ/ "Report" Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axundu, ilahiyyatçı hacı Fəxri Sadiqovun Qurban bayramının yaranma tarixi, müsəlman aləmində yayılması və qurban kəsmənin vacib şərtlərinə dair məqaləsini təqdim edir:

"Uca Allahın rəhmət və mərhəmətinə yaxınlaşma bayramı"

İslam dinində olan bayramlardan biri də müqəddəs Qurban bayramıdır. "Qurban" ərəb dilində “Qurb” sözündən olub, Allahın rəhmətinə yaxınlaşma anlamına gəlir. Qurban bayramı Həzrət İbrahim və onun oğlu İsmayılın adı ilə adlansa da, əslində "Qurban" sözünə Həzrəti Adəmin dövründə oğlanları arasında baş verən hadisələrdə rast gəlinir. Allah müqəddəs Quranda deyir - “Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. Qurbanı qəbul olmayan oğlu öz qardaşına demişdi: “Səni hökmən öldürəcəyəm!” Qardaşı da ona belə demişdi: “Allah ancaq müttəqilərdən qurban qəbul edər” - Maidə surəsi, 27-ci ayə. 

"Qurban bayramı əsl mahiyyətindən çıxmışdı"

Bu ayədən açıq aşkar görünür ki, ilk qurbanı həzrəti Adəmin ə.s oğlanları Allah dərgahına aparmışlar. Sonradan bu adət halını alıb həqiqi mahiyyətindən çıxıb, şeytanın vasitəsi ilə müəyyən zaman ərzində vəhşi bir qanuna çevrilib. İnsanlar təsərrüfatından hər hansı bir şeyi (əkindən və ya heyvanlardan) qurban etmə əvəzinə öz övladlarını ilahələrə (bütlərə) qurban edirdilər. Həzrət İbrahim ə.s. zamanında isə bu ilahi nemət onun vasitəsi ilə, qarışıqlıq və bidətlərdən təmizlənərək əsl mahiyyətini tapır. Həzrət İbrahim ə.s və oğlu İsmayıl ə.s vasitəsi ilə Allah bu qanunu kamil olaraq yenidən öz gözəlliyinə qaytarır. 

Hacı Fəxri Sadiqov

"Məhəmməd peyğəmbərin zamanınıda Qurban bayramı"

Sonradan Həzrət Muhəmməd ə.s-ın peyğəmbərlik dövründə isə bu, islamda Həcc mərasimində vacibat və müsəlmanlar arasında kütəvilik halını alır. Qurban kəsmək yalnız Həcc mərasimini icra edən Hacılara vacibdir. Məkkə şəhərindən kənar olan və Həcc mərasimində olmayan müsəlmanlara isə vacib deyil, ixtiyari hökmdədir. 

"Qurbanı kəsərkən nəyə diqqət etməliyik?"

Qurban kəsərkən bir neçə məsələyə diqqət vermək lazımdır. "Qurani-Kərim"də hansı heyvanların qurban kəsilməsi ilə bağlı buyurulur: “Biz hər bir ümmət üçün qurbangah (yaxud məbəd) müəyyən etdik (və ya hər bir ümmətə qurban kəsməyi lazım bildik) ki, Allahın onlara ruzi verdiyi ənam (davarlar) cinsindən heyvanları kəsərkən Allahın adını çəksinlər (bismillah desinlər)” - Həcc surəsi 34-cü ayə.

Qurban bayramında kəsilən qurbanlar üç növə bölünür: 

1. İbil (dəvə cinsi) 5 yaşı tamam olmalıdır. 

2. Bəqar (inək və camış cinsləri) 1-dən artıq yaşı tamam olmalıdır. 

3. Qoyun (qoyun və keçi cinsləri) 7 və ya 8 aylığından artıq olmalıdır. 

"Qurbanlıq heyvan  sağlam və nöqsansız olmalıdır"

Qurbanı fərdi və ya müştərək qaydada da kəsmək olar. Daha yaxşı olar ki, xırda buynuzlu heyvan fərdi qaydada, iri buynuzlu heyvanı həm fərdi, həm də müştərək qaydada kəsilsin. Müştərək qaydada kəsilən qurbanlıqda kəsilmə və bölünməsində müsəlmanlar şəriət prinsiplərindən kənar çıxmamalıdırlar. Qurbanlıq üçün kəsilən heyvanın zahiri əlamətlərini bildirən məsələlər də İslamda öz əksini tamışdır. Qurbanlıq heyvan hər şeydən öncə sağlam və nöqsansız olmalıdır. Kor, şikəst, axtalanmış, buynuzu qırılmış və ya hər hansı bədən üzvündə eybi olan heyvanı qurban kəsmək olmaz. Xəstə və ya qocalıb əldən düşmüş heyvanı da qurban kəsmək islam əxlaqı cəhətdən icazəli deyil. Qurbanlıq heyvanın erkək olması daha bəyənilir, amma dişi olsa da, olar. Qurbanlıq üzü qibləyə kəsilməli və kəsənin müsəlman olması vacibdir. Yaxşı olar ki, bayram namazı qılınandan sonra Qurban kəsilsin. 

"Fərdi və müştərək qaydada kəsilən heyvanların bölüşdürülməsi qaydaları"

Qurbanı kəsəndən sonra onun ətinin bölünməsi məsələsi də şəriət qanunlarına uyğun olmalıdır. Həzrət peyğəmbər ə.s. və məsum imamlardan gələn hədislərə görə, qurbanlıq əti 3 hissəyə bolünməlidir. 

1. Qurban kəsənin ailə üzvlərinin payı; 

2. Onun “sileyi-rəhm”, yəni qohum əqrəbadan olan ehtiyaclıların payı; 

3. Ona qohum olmayan qonşu və ətrafdan olan ehtiyaclı müsəmanın payı. 

Bu bayramın əsas məqsədi heyvan kəsib ətindən yemək deyil. Uca Allah bu bayramın mahiyyətinə işarət edərək buyurur: “Onların nə əti, nə də qanı Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!” - Həcc surəsi, 37-ci ayə. Bu il müqəddəs Qurban bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının verdiyi fətvaya uyğun olaraq 1 və 2-Sentyabrda qeyd ediləcək. Qurban bayramının namazı isə sentyabrın 1-də saat 09:00-dan etibarən məscidlərdə qılınmağa başlanacaq. 

Allah kəsilən qurbanları, edilən ibadət və dualları qəbul etsin, bayramınız mübarək olsun!

Son xəbərlər

Orphus sistemi