​QMİ sədrinin səlahiyyətli nümayəndəsi: "Yalnız ac-susuz qalmaq oruc tutmaq demək deyil"

​QMİ sədrinin səlahiyyətli nümayəndəsi: "Yalnız ac-susuz qalmaq oruc tutmaq demək deyil" "İsti yay günlərində oruc tutmaq daha çətindir və bunun mükafatı çox böyükdür"
Din
20 İyun , 2015 15:08
​QMİ sədrinin səlahiyyətli nümayəndəsi: Yalnız ac-susuz qalmaq oruc tutmaq demək deyil

Bakı. 20 iyun. REPORT.AZ/ "Yalnız ac-susuz qalmaq oruc tutmaq demək deyil. Ramazan ayında həm də Allahın bəyənmədiyi bütün işlərdən uzaq durmaq vacibdir". Bunu "Report"a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli deyib.

O bildirib ki, Ramazan ayı "Quran"da adı çəkilən yeganə aydır: "Bu ayın üstünlüyü onunla bağlıdır ki, Allahın sonuncu səmavi kitabı olan "Quran" bu ayda nazil olub. Ona görə də Ramazan çox möhtəbər bir aydır. Allah Ramazan ayını əziz tutmaq və bu aya dəyər vermək üçün oruc tutmağı vacib buyurub". 

Ş.Həsənli qeyd edib ki, orucun əsas fəlsəfəsi təqvaya sahib olmaqdır: "Təqva pəhriz etmək, insanın günahlardan çəkinməsi, pis adətləri tərk etməsi və bəd əməllərdən uzaqlaşmasıdır.  Oruc tutmaq insanda iradəni möhkəmləndirir və səbr xüsusiyyətini formalaşdırır".

QMİ sədrinin səlahiyyətli nümayəndəsi əlavə edib ki, insan üçün orucun misilsiz faydaları var: "Allah buyurub ki, "oruc mənim üçündür və onun mükafatını da mən verəcəm". Xüsusilə də isti yay günlərində oruc tutmaq daha çətindir və bunun mükafatı çox böyükdür. Çünki "Quran" hədislərində qeyd olunub ki, əməllər içərisində çətin olanı daha üstün hesab edilir. Ona görə də bu günlərdə tutulan orucun daha çox dəyəri var. Oruc həm də ictimai bir ibadətdir. İnsan oruc tutmaqla digər insanlarla da həmdərd olur, zəngin insanlar yoxsulun vəziyyətindən xəbər tutur, yaşayış səviyyəsi müxtəlif olan insanlar birgə iftar edirlər".

Ş.Həsənli müəyyən səbəblərdən oruc tuta bilməyənlərlə bağlı məsələyə də toxunub. Din xadimi vurğulayıb ki, həkimlər bəzi xəstələrə oruc tutmağa icazə vermir: "Elə xəstələr var ki, həkimlər onların oruc tutduqları təqdirdə sağlamlıqları üçün ciddi problemlər yaranacağını deyir. Həmin insanlara oruc tutmaq günah sayılır. Bundan başqa, fiziki cəhətdən zəif olanlar, yaşlı insanlar, körpəsinə süd verən analar və hamilə qadınların oruc tutması məsləhət görülmür". 

O qeyd edib ki, səfərə çıxan insanlar da oruc tuta bilməzlər: "Bu o halda keçərlidir ki, səfərə çıxan adamın getdiyi yol 22.5 km-dən çox olsun. Yəni gedib-qayıtmaq 45 km-dən çox olarsa və səfərdə 10 gündən az qalarsa, oruc tuta bilməz".

Son xəbərlər

Orphus sistemi