Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib “Müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm”
Din
2 Oktyabr , 2014 09:15
Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Bakı. 2 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. “Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və dözümlülüyə dəvət edir.

Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhvali-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaq.

Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!”

Son xəbərlər

Orphus sistemi