Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyi və “Həyat sözü” Xristian dini icmasının birgə təşkilatçılığı ilə Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandakı dini həmrəylik, tolerantlıq mühiti, xristian, eləcə də alban dini məbədləri, polyak mirası və icması ilə tanışlıq məqsədilə 7-14 sentyabr 2022-ci il tarixlərində ölkəmizdə səfərdədir.
Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti sentyabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində olub. Qonaqlar AMEA Rəyasət Heyətinin inzibati binası ilə tanış olduqdan sonra Azərbaycan-Polşa münasibətlərini, elmi əlaqələrini araşdıran alimlərlə görüşüblər. Görüşdə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, eləcə də Polşa-Azərbaycan ədəbi əlaqələrini tədqiq edən azərbaycanlı alimlər iştirak ediblər.
Daha sonra nümayəndə heyəti Bakıda yerləşən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” katolik kilsəsini ziyarət edib, ibadət zalı və inzibati bina ilə tanış olublar. Qonaqlara ölkəmizdə katolikliyin tarixi və fəaliyyəti haqqında geniş məlumat verilib, dövlətin icmaya göstərdiyi qayğıdan bəhs edilib. Ümummilli Lider Heydər Əliyevin Katolik Xristian dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışılıb. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Katolik icmasına xüsusi diqqət yetirməsi vurğulanıb.
Sentyabrın 8-də Bakıdakı Müqəddəs Qriqori (erməni) kilsəsində olan qonaqlar məbədin tarixi, onun qorunub saxlanılması istiqamətində dövlətin həyata keçirdiyi tədbirlər barədə məlumatlandırılıblar. Bildirilib ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb. Bu münasibət müasir zamanda da nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Diqqətə çatdırılıb ki, kilsədə erməni dilində minlərlə kitab qorunub saxlanılır. Müqəddəs Qriqori kilsəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi kimi “Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı” siyahısına daxil edilib.
Qeyd edək ki, Varşava Böyük Kahinlər Seminariyasının rektoru Voyçex Bartkoviçin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Varşava Oçota rayonunun pastoru Przemislav Çvek, Varşava Baş Yeparxiyasının Uşaq və Gənclərin Müdafiəsi üzrə Yepiskop Nümayəndəsinin müavini Mixal Turkovski və başqaları daxildir.