Səudyyə Ərəbistanının Həcc işləri üzrə nazirliyi bəyan edib ki, Ramazan ayında yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmuş zəvvarların müqəddəs yerləri ziyarət etməsinə icazə veriləcək.
Bu barədə “Report” “İnterfax”a istinadən xəbər verir.
Nazirlik bildirib ki, icazə üçün müraciət edənlər mütləq peyvəndin iki dozasını almış olmalıdırlar. İcazə isə xüsusi tətbiqdə “peyvənd olunmuş” statusu əsasında veriləcək. İcazəni həmçinin, koronavirusa yoluxaraq sağalan və peyvənd olunan şəxslər də ala biləcək.
Müntəzəm olaraq namaz qılmaq və ya müqəddəs yerləri ziyarət etmək istəyənlər vaxt intervalını seçərək xüsusi tətbiq vasitəsi ilə müraciət edərək qeydiyyatdan keçməlidirlər.
Zəvvarlara Məscidül-Həram məscidini də ziyarət etmək imkanı yaradılacaq. Eyni zamanda, koronavirusun yayılmasının qarşısını almaq üçün müxtəlif tədbirlər görüləcək.