Moskva. 22 sentyabr. REPORT.AZ/ Dindar azərbaycanlıların dini ayinlərin icrası üçün ayrıca yerin ayrılmasına dair Rusiya dövlət strukturlarına etdikləri müraciətləri cavabsız qalıb.
Bu barədə "Report"un Rusiya bürosuna "Əhli-Beyt" ictimai təşkilatının sədri Nizami Baloğlanov deyib.
Onun sözlərinə görə, ötən il Moskvada Sobornaya məscidində baş vermiş insidentdən sonra "Əhli-Beyt" ictimai təşkilatının dəfələrlə müxtəlif dövlət strukturlarına müraciət etməsinə baxmayaraq, onlardan heç biri müraciətlərə müsbət cavab verməyib.
N.Baloğlanovun sözlərinə görə, nəticə etibarilə azərbaycanlılar məcbur qalaraq İran tərəfi ilə razılığa gələrək İran Mədəniyyət Mərkəzində Aşuranı qeyd edəcəklər.
Moskva şiələrinin liderinin sözlərinə görə, buna Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun İranın ölkədəki səfiri Mehdi Sənai ilə şəxsi görüşü də kömək edib.
O, bildirib ki, bu il Aşura ilə əlaqədar olaraq, Moskvada heç bir küçə yürüşü təşkil edilməyəcək.