Bakı. 7 iyun. REPORT.AZ/ "Ramazan ayı ilə bağlı qarşımızda duran əsas məsələ vahid təqvimin tətbiqidir. Bununla bağlı müəyyən tapşırıqlar vermişik və hazırda bu istiqamətdə iş gedir".
“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, Ramazan ayı ilə bağlı həm Qafqaz Müsəlmanları İdarəsi, həm də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tədbirlər planı hazırlayıb və həmin tədbirlər planına uyğun fəaliyyət göstərilir.
M.Qurbanlı dini bayramların bütün İslam aləmində eyni vaxtda keçirilməsi ilə bağlı bu yaxınlarda Türkiyədə baş tutan konfransa da münasibət bildirib. Dövlət Komitəsinin sədri deyib ki, tədbirdə bununla bağlı geniş müzakirələr aparılıb: “Ümumi səsvermə nəticəsində belə razılığa gəlinib ki, müsəlman ölkələrində dini bayramlar və dini mərasimlər eyni gündə keçirilsin və vahid təqvim tətbiq edilsin. Bunun üzərində iş gedir. Bu işdə aparıcı müsəlman ölkələrinin atacağı addımlar çox önəmlidir. Bu tədbirdə ümumi razılığa gəlinib ki, məsələ İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müzakirə olunsun və hansısa bir qətnamə qəbul edilsin".
Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan İslam dünyasında vahid Ramazan təqviminin tətbiq olunmasını dəstəkləyir. M.Qurbanlı hesab edir ki, bu məsələdə hər hansı ayrı-seçkilik və parçalanma olmamalıdır: “Bu cür ayrı-seçkilik və təqvim fərqləri İslam aləmində gedən proseslərin bütövlüyünə zərbə vurur. Ona görə də biz İslam dünyasında dini bayramlar və dini ayinlərlə bağlı vahid təqvim sisteminin tətbiqinə tərəfdarıq. Amma bu, müzakirə mövzusudur. Müzakirə davam edir və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də müzakirələr olduqda Azərbaycan öz mövqeyini bildirəcək".