Mətbuat təbliğat vasitəsi kimi: Dini təhlükəsizliyə Azərbaycan və Qərbdən mediativ baxış - TƏHLİL

Mətbuat təbliğat vasitəsi kimi: Dini təhlükəsizliyə Azərbaycan və Qərbdən mediativ baxış - TƏHLİL Hüseyn Cavid məşhur “Şeyx Sənan” əsərində yazırdı ki, dinsiz olmaq da bir təriqətdir. Cavid burada təriqət deyəndə inamı - mənəvi kamilləşmə yolunu nəzərdə tuturdu. Çünki insanı müdriklik məqamına onun inandığı yol aparır. Bu yol isə cəmiyyətin müəyyən bi
Din
3 İyul , 2023 12:50
Mətbuat təbliğat vasitəsi kimi: Dini təhlükəsizliyə Azərbaycan və Qərbdən mediativ baxış - TƏHLİL

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavid məşhur “Şeyx Sənan” əsərində yazırdı ki, dinsiz olmaq da bir təriqətdir. Cavid burada təriqət deyəndə inamı - mənəvi kamilləşmə yolunu nəzərdə tuturdu. Çünki insanı müdriklik məqamına onun inandığı yol aparır. Bu yol isə cəmiyyətin müəyyən bir kəsiminə görə dindən keçir. İnsanlar daxili sülhə gedən yolda dini özlərinə yoldaş seçirlər. Media isə, öz növbəsində, inanclara işıq tutan vasitələrdən biridir. Din də, media da cəmiyyətdə aparıcı təsirli qüvvələrdir, hər biri ayrılıqda fikirləri və rəyləri formalaşdırmaq gücünə malikdir. Ancaq o da məlumdur ki, medianın soyuqqanlılığı, dinin isə qəlbdəki rəhmlə yoldaşlığı səbəbilə onların münasibəti heç də həmişə ahəngdar olmayıb. İfadə azadlığı ilə dini həssaslıqlar arasında sərhədlər mübahisələndirildikdə ortaya müəyyən gərginliklər çıxıb. Elə bu səbəblə, mövcud yazıda media azadlığı ilə dini təhlükəsizlik arasındakı incə tarazlığın Azərbaycan kimi multikultural və sekulyar bir ölkədə necə qorunduğuna və ümumilikdə, necə qorunmalı olduğuna diqqət çəkilib.

Media azadlığı və onun cəmiyyətdəki rolu

Media azadlığı demokratik idarəetmənin və informasiyanın sərbəst axınının əsas sütunu olduğu üçün cəmiyyətdə həlledici rol oynayır. Media azadlığı daha geniş şəkildə ifadə azadlığı anlayışı ilə iç-içədir. Bu məfhum isə fərdlərə öz fikirlərini bildirmək və ictimai müzakirələrdə iştirak etmək imkanı verir. Azad media mühiti fikir mübadiləsini, tənqidi düşüncəni təşviq edir və məlumatlı vətəndaşların sayının artmasına xidmət edir. Ona görə də media azadlığı demokratik cəmiyyətlərin təməl daşıdır, çünki demokratik cəmiyyəti həm də məlumatlı vətəndaşlar formalaşdırır. İctimai maraq kəsb edən məsələlərin araşdırılmasında da medianın rolu olduqca önəmlidir. Bu öhdəlik isə media nümayəndələrinə bəzən fəaliyyətində nöqsanlar müşahidə etdikdə dini qurumları tənqid etmək imkanı belə tanıyır. Lakin bununla yanaşı, medianın müəyyən çərçivələri, daha doğrusu, prinsipləri var. Bunlar isə nifrət nitqinin yayılmasının qarşısını almaq, zorakılığa təhrik edəcək məlumatlara yer verməmək, etik davranış kodekslərinə, şəxsi həyatının toxunulmazlığı prinsiplərinə əməl etməkdir.

Dini təhlükəsizlik və onun əhəmiyyəti

Dini təhlükəsizlik isə fərdlərin və etnik qrupların dini inanclarına görə ayrı-seçkilik, təqib və zorakılıqdan qorunmasını nəzərdə tutur. Eyni zamanda, ibadət yerlərinin və dini simvolların mühafizəsini, insanlar arasında tolerantlığın təşviqini əhatə edir. Dini təhlükəsizliyin əhəmiyyəti onun fərdi və ictimai rifaha töhfə verməsindədir. Bu ifadə altında ekstremizm və radikallaşmaya qarşı mübarizə, dinc birgəyaşayış, inanc və ifadə azadlığı, mədəni və intellektual müxtəliflik nəzərdə tutulur. Çünki hər bir fərd məcburiyyət və müdaxilə olmadan inanmaq, öz dini etiqadlarını ifadə etmək azadlığına sahibdir. Fərdlər ibadət edərkən özlərini təhlükəsiz hiss etdikdə, bu, dini fərqlərə əsaslanan münaqişə və gərginlik potensialını azaldır və inklüziv cəmiyyətlərin formalaşmasına gətirib çıxarır. Dini təhlükəsizliyin təmin edilməsi müxtəlif dinlərin nümayəndələrinin bir ərazidə dinc yaşayışını təmin etmək üçün çox vacibdir. Cəmiyyətin ifadə azadlığına sadiqliyi dini plüralizmin və təhlükəsizliyin təşviq edilməsinin vacibliyinə kölgə salmamalıdır.

Multikultural ölkə olan Azərbaycanda bu incə nüanslar daim diqqətdə saxlanılır. Yüzillər boyu Azərbaycan dövlətinin mövcud olduğu ərazi müxtəlif etnik icmaların və dinlərin məskəni olub. 1991-ci ildə Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra da həmin etnik qruplar dövlət sərhədləri daxilində dinc yaşamlarını davam etdiriblər və Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycanda din dövlətdən ayrı olduğu üçün onlar indiyədək öz dini etiqadlarını təhlükəsiz bir şəkildə icra edə bilirlər. Hələ Ümummilli Lider Heydər Əliyevin dövründən Azərbaycanın multikulturalizm siyasətinə xüsusi diqqət ayrılıb. Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan vətəndaşlarının dini, irqi, siyasi və dil mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olduqlarını və bu hüquqların daim mühafizə olunacağını dəfələrlə bəyan edib.

Bu məsələ rəsmi şəkildə Azərbaycan qanunvericiliyi ilə də tənzimlənib. Belə ki, Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) üçüncü bəndinə əsasən, dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. 44-cü maddəyə (Milli mənsubiyyət hüququ) əsasən isə, hər kəsin milli mənsubiyyətini qoruyub-saxlamaq hüququ var. Heç kəs milli mənsubiyyətini dəyişdirməyə məcbur edilə bilməz.

Prezident İlham Əliyevin dövründə də insanların dini inanclarını sərbəst şəkildə ifadə edə bilmələrinə xüsusi diqqət göstərilib. Hətta Azərbaycanda 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan olunub. Dövlət başçısının göstərişi ilə bu dövrlərdə məscidlər, kilsələr, sinaqoqların yenidənqurma və bərpası həyata keçirilib. Bu proses hətta günümüzdə də davam etməkdədir. 2020-ci ildən - tarixi Azərbaycan torpağı olan Qarabağ işğaldan azad edildiyi gündən 30 illik işğal dövründə barbarcasına dağıdılmış mədəniyyət mərkəzləri, ibadət evlərinin də restavrasiyası həyata keçirilir. Orada aşkarlanmış tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır ki, həmin o 67 məsciddən 65-i tamamilə, 2-i isə qismən dağıdılaraq yararsız hala salınıb və bu gün Azərbaycan dövləti onları öz vətəndaşlarına qazandırma səyləri həyata keçirir. Ümumilikdə, son rəsmi məlumata görə, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 995 dini qurum fəaliyyət göstərir. Konfessional baxımdan onlardan 958-i İslam, 26-sı xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i isə krişna təmayüllüdür. Dinlə bağlı təhsil ölkə daxilində Azərbaycan İlahiyyat İnstitutu və beş İslam kollecində verilir. İbadət evlərinə gəldikdə, bu gün Azərbaycanda 2253 məscid, 16 kilsə və 7 sinaqoq mövcuddur.

Bütün bu rəqəmləri oxuduqda insanı Azərbaycanda din-media-cəmiyyət tarazlığının qorunma yolu daha da maraqlandırır ki, bununla Qafqaz Müsəlmanları İdarəsi, Heydər Əliyevin fərmanı ilə 2001-ci ildə təsis edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kimi dini məsələləri diqqətdə saxlayan və eləcə də Medianın İnkişafı Agentliyi kimi medianın fəaliyyətinə nəzarət edən qurumlar xüsusi məşğul olurlar. Ancaq bütün bu münasibətlərin ən əsas tənzimləyicisi yenə də qanundur. Belə ki, 2021-ci ildə Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” qanunun 8-ci maddəsində din və media münasibətinə diqqət çəkilib. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar barədə ictimaiyyətə məlumatın verilməsinin önəmi vurğulanıb. Mediada yayımlanan məlumatlarla bağlı tələblərin tənzimləndiyi 14-cü maddədə isə mediada irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamasının, həmçinin etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışların edilməməsinin vacibliyi bildirilir. Yəni Azərbaycanda media və dini təhlükəsizlik yüksək səviyyədə təmin edilir.

Bəs cəmiyyətə ciddi təsiri olan media və din münasibətinə daha nələr əlavə edilə bilər?

Şəxsi yanaşmama gəldikdə onu qeyd etməliyəm ki, “Media və dini təhlükəsizlik” məsələsində hər bir dövlətin daxilində onun vətəndaşlarının mənsub olduğu dinlərin mediada hansı şəkildə və səviyyədə işıqlandırılmasına aidiyyəti dövlət strukturunun nəzarəti dinin cəmiyyətə təsiri istiqamətini və dinlə medianın bir-birlərinə münasibətini tarazlamaq baxımından önəmlidir. Dini inancın media vasitəsilə təbliğatında uğurlu model kimi Türkiyəni göstərmək olar. Belə ki, qardaş ölkənin müxtəlif dövlət qurumları - Mədəniyyət və Turizm Nazirliyi, səfirlikləri və s. mütəmadi olaraq il ərzində xarici jurnalistlər üçün Türkiyəyə mediaturlar təşkil edir. Bu turlar çərçivəsində səfər edilən şəhərlərdə jurnalistlərə təqdim edilən məkanların böyük bir qismi məscidlərdən ibarət olur. Buradakı məqsəd isə insanları öz dini inanclarına yönəltmək yox, dinə mədəniyyətin, tarixin bir parçası kimi baxmaq və qədim mədəniyyətlərini, türk memarlığını, rəssamlığını dünyaya media vasitəsilə tanıtmaqdır. Çünki səfər zamanı həmin məscidlərin məhz memarlıq xüsusiyyətləri, inşa tarixləri haqqında detallı məlumat verilir. Türkiyədə din dövlətdən ayrı fəaliyyət göstərsə də, dinə mədəniyyətin ən mühüm parçası kimi yanaşılır. Bu təcrübənin Azərbaycandakı bütün ibadət evləri ilə bağlı tətbiqi həm ölkədə vətəndaşların dini sərbəstliklərini, etiqad azadlığını dünyaya çatdırmaq, həm də tarixə güzgü olmaq baxımından maraqla qarşılana bilər.

Üzümüzü Qərbə çevirdikdə isə dinin böyük güclər üçün siyasi bir alət, sıravi vətəndaşlar üçün isə xilas yolu olduğunu görürük. Məsələn, müşahidələrim əsasında qeyd edə bilərəm ki, Polşada rast gəldiyiniz 10 nəfərdən 9-u güclü dini inanca sahib ola bilər. Orada bütün saatlarda kilsəyə insanların axın etdiyini görmək mümkündür. Amma həmin kilsələr turistlər üçün həm də bir mədəniyyət qapısıdır. Avropa ölkələrindən hansısa birinə səyahət etmək istədikdə və onun görməli məkanları barədə axtarış etdikdə mütləq ki, qarşınıza həmin ölkənin məşhur kilsələri barədə də məlumat çıxır. Çünki kilsələrə həm də mədəniyyətlərinin və tarixlərinin bir parçası, təzahürü kimi yanaşırlar. Hətta bir çox hallarda ölkənin ən güclü kralının qəbri ən məşhur kilsədə qorunur. Bu baxımdan, Avropanın bir çox ölkəsində addımbaşı kilsələrə və mediada isə həmin kilsələr haqqında yayımlanan məlumatlara rast gələ bilərsiniz. Müşahidə etdiyim maraqlı məqam isə tanış olduğum dini inancı güclü olan insanların evlərinə radikallığı qonaq etməmələri və başqalarının inanclarına hörmətlə yanaşa bilmələridir. Burada medianın rolunun önəmli olduğunu düşünürəm. Vyanada bir polyak məni evində qonaq etmişdi ki, onunla bir az həmsöhbət olduqdan sonra orta məktəbdə katolik tarixi barədə dərs dediyini öyrəndik. Evinin hər küncündə, hətta hamam otağında belə İsa və Məryəmin şəkilləri asılmışdı, dörd bir tərəfdə fərqli dizaynda xaçlar, din kitabları və şamlar düzülmüşdü. Özümüzü kilsədəki kimi hiss edirdik. Amma ev sahibi ilə danışdıqca onun dini inancı olmayan insanlara qarşı normal münasibət bəslədiyini, başqalarını mühakimə etmədiyini gördük. Əslində, elə bütün məsələ də budur - inanclarımızda radikal olmamaq. Radikallıqdan uzaq olduqda din təhlükəsiz, media da azad olur. İnancları başqalarına aşılamağa çalışmadıqda və başqalarının dini inanclarına toxunmadıqda uğurlu cəmiyyət modeli ortaya çıxır və dayanıqlı rifah yüksələn xətlə inkişaf edir. Rifahın dayanıqlı olmasında isə medianın dini təhlükəsizlik məsələləri barədə insanları tam məlumatlandırması, aidiyyəti qurumların informativ materiallarla vətəndaşları din mövzusunda maarifləndirməsi önəmlidir.

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi