Dini-ideoloji təhlükəsizlik məsələsi milli təhlükəsizliyin və ya milli dövlət təhlükəsizliyinin ən mühüm istiqamətlərindəndir. Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsi dövlətin siyasi-strateji fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Çünki milli təhlükəsizlik bir ölkənin tarixi ərazi və ənənələrinin mühafizəsini, ictimai-həyat normalarını, maddi-mənəvi və etik dəyərlərini, o cümlədən dini irsinin qorunmasını ehtiva edir. Azərbaycanın milli təhlükəsizlik sahəsindəki maraqlarına suverenlik, ərazi bütövlüyü, konstitusiya quruluşunun təhlükəsizliyi, iqtisadiyyat, elmi-texniki və müdafiə potensialı, ictimai-həyat normaları, maddi-mənəvi və etik dəyərlər, o cümlədən dini irsin qorunması daxildir. Müasir dövrdə dünyada dini zəmində baş verən problemlər dinə yalnız inanc sistemi, mənəvi dəyər, hüquqi məsələ, ya da keçmişin qalığı kimi baxmağın doğru bir yanaşma olmadığını göstərir. Əlbəttə, vətəndaşların dinə bu və ya digər qəbildən düşüncə və yanaşmaları demokratik quruluşa əsaslanan dövlətlər tərəfindən hörmətlə qarşılanır. Bununla yanaşı, dövlətlər eyni zamanda dinə cəmiyyətin milli, ictimai və ideoloji təhlükəsizliyi aspektindən də yanaşır ki, belə bir yanaşma bu gün dövlət və cəmiyyətlər üçün xüsusilə vacib məqamlardan birini təşkil edir.
Azərbaycan İlahiyyat İnstitutunun “Dinşünaslıq” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Report”a açıqlamasında deyib ki, etnik müxtəliflik qədər, dini müxtəliflik də insanların, xalqların və dövlətlərin bir-birinə münasibətlərini formalaşdıran və müəyyənləşdirən əsas meyar kimi hələ də böyük təsir gücünə malikdir.
Onun sözlərinə görə, planetimizdə yüzminlərlə insan milli mənsubiyyəti ilə yanaşı, dini mənsubiyyətinə görə də ayrı-seçkilik və zorakılıqla təcavüzün və işğalın qurbanına çevrilir. Bu gün dünyanın müxtəlif ölkələrində, o cümlədən post-Sovet məkanında, Yaxın və Orta Şərqdə, eləcə də Afrikada gedən proseslər bunun bariz dəlilidir:
“Böyük dövlətlər və beynəlxalq korporasiyalar hədəf seçdikləri ölkələri iqtisadi sanksiya və təzyiqlərlə öz maraqları istiqamətində yola gətirə bilmədikləri təqdirdə, etnik mənsubiyyəti və xüsusilə dini öz siyasətlərinin alətinə çevirir və bundan yararlanmamağa çalışırlar. Son dərəcə həssas olan etnik məsələdə olduğu kimi, dini məsələdə də cəmiyyətlərə fərdi və ictimai müstəvidə ideoloji müdaxilə etmək bir o qədər də çətin deyil. Nəticə etibarilə, bir cəmiyyət və dövlət daxilində dini-mənəvi zəmində xaos yaratmaq məqsədi güdən siyasi-ideoloji strategiyalarda din mənəviyyat, hüquq və demokratiya donu geyindirilmiş təzyiq vasitəsi kimi dəyərləndirilir və istifadə edilir. Bu qəbildən strategiyalara məruz qalmış dövlət və cəmiyyətlərdə isə dinə milli, ictimai, hətta ideoloji təhlükəsizlik məsələsi kimi baxılır. Çünki din bir çox cəmiyyətlərin mənəvi-əxlaqi dəyərlərinin və ictimai vəhdət və nizamın əsasında yatan mühüm bünövrə daşlarından biridir. Buna görə də son illərdə dünyada baş verən proses və hadisələrə nəzər salanda, etnik məsələ ilə müqayisədə dini amilin təzyiq və təsir vasitəsi kimi daha çox önə çıxması və dünyada radikalizm və ayrı-seçkiliyin daha çox dini zəmində olması heç də təsadüfi deyildir”.
Dini sabitliyin və təhlükəsizliyin yaranmasında, milli-mənəvi dəyərlərin qorunmasında Ulu Öndərin rolu
Zaman keçdikcə dinin dövlətlər və xalqlar, eləcə də onların gələcəyi üçün həyati əhəmiyyət kəsb edən məsələyə çevrilməsi son dərəcə təbiidir. Müstəqilliyini yeni əldə etmiş və ənənələri sarsıldılmış xalqlar üçün din ideoloji təhlükəsizlik baxımından xüsusilə həssas məsələdir. Müasir dövrdə heç bir gənc ölkə dini zəmindəki ideoloji təhdidlərdən tam şəkildə sığortalanmayıb. Məlumdur ki, Sovet hakimiyyəti illərindən qalan ən mühüm problemlərdən biri də 70 illik əsarət ərzində dinimizdən məhrum edilməyimiz olub. Müstəqillik tariximizdən etibarən başlayan özünəqayıdış və özünüdərk prosesi daha sonra, milli-mənəvi dəyərlər istiqamətindəki dərin siyasi fəaliyyət sayəsində davam etdirilib.
Kafedra müdiri söyləyib ki, ölkəmizdə dini-ideoloji təhlükəsizlik istiqamətində atılan siyasi addımlar uzun müddət SSRİ-nin özünəyadlaşdırma siyasətinin təsirində qalan vətəndaşlarımızın yenicə əldə edilmiş müstəqillik dövründə zamanın ziddiyyətlərinə ram olmamaları baxımından olduqca əhəmiyyətli idi:
“Çünki post-Sovet dövrünün əvvəllərində Azərbaycanda vaxtilə SSRİ hakim ideologiyasına xidmət edən, şüurlu və şüursuz şəkildə Sovetin özünəyadlaşdırma siyasətinin təbliğatçısına çevrilən bəzi insanlar yolayrıcında qalmışdılar. Cəmiyyətlərin mövcudluğu baxımından olduqca əhəmiyyətli olan belə bir vəziyyət, yəqin ki, mövcudluğun mahiyyət və keyfiyyətini müəyyənləşdirəcək intellektual refleksiyanın təzahürü idi. Postsovet dövrü Azərbaycanda milli-mənəvi dəyərlər istiqamətində icra edilən siyasi strategiya Azərbaycan cəmiyyətinin varlığını məhz öz milli-mənəvi dəyərlərinə əsaslanaraq gələcəyə transformasiya ideyasını daşıyırdı. Müstəqilliyinin ilk günlərindən etibarən milli-mənəvi dəyərlərə münasibətin müsbət istiqamətdə dəyişdiyi və ateizm buxovlarının getdikcə qırılma prosesinin yaşandığı ölkəmizdə 1993-cü ildə yenidən iqtidara gələn Heydər Əliyevin bu istiqamətdəki siyasi addımları ilə milli-mənəvi dəyərlər zəminində yeni bir mərhələyə qədəm qoyuldu. Bu dövrü ölkəmizin mənəvi mədəniyyətinin intibahı kimi qiymətləndirsək, mübaliğə etmiş olmarıq. Ulu Öndərin dini-ideoloji təhlükəsizliyimiz istiqamətində gerçəkləşdirdiyi siyasi və ictimai addımlardan belə bir nəticəyə gəlmək olar ki, o, milli ideologiya siyasətinin tərkib hissəsini təşkil edən milli-mənəvi və dini dəyərləri xalqımızın ideoloji təhlükəsizliyi baxımından ən mühüm istinadgahı olaraq qəbul etmişdir”.
Azərbaycana din sahəsində artan təzyiq və təhdidlərin əsas səbəbləri
Filologiya üzrə fəlsəfə doktoru vurğulayıb ki, bir cəmiyyətin sağlam və etibarlı dini biliklərə malik olmaması, bəzi dövlətlərin və dairələrin öz maraqları naminə dindən sui-istifadə imkanlarını artırar və onlar üçün əlverişli şərait yaradar: “Şübhəsiz ki, ölkəmiz də din pərdəsi altında təhdid və təhlükələrdən tam sığortalanmayıb. Əksinə, digər MDB dövlətləri, hətta Orta Asiyanın müsəlman ölkələri ilə müqayisədə Azərbaycana din sahəsində təzyiq və təhdidlər daha çoxdur. Əlbəttə, bu, bir çox amillərlə, o cümlədən Azərbaycanın yerləşdiyi coğrafi-siyasi mövqeyi, qarşısına qoyduğu strateji məqsəd və hədəfləri, habelə sahib olduğu enerji resursları ilə bağlıdır. Üstəlik, üzləşdiyimiz təhdidlər təkcə İslam dini istiqamətli deyil, bəzən digər dinlərlə bağlı təhdidlərlə də qarşılaşmalı oluruq. Amma üzləşdiyimiz ən ciddi və təhlükəli təhdidlər, əsasən, İslam dini istiqamətlidir”.
Bu gün ölkəmizdə dini sahədəki təhdidlərin bir neçə istiqamətdə ortaya çıxdığı görünür. Ümumiyyətlə, İslam dini istiqamətində baş verən həmin təhdidlər arasında dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması, dindar kontingent daxilində dünyəviliyin zəiflədilməsi, dinin siyasiləşdirilməsi, ənənəvi İslamın zəiflədilməsi, dini radikalizmin və dini zəmində xarici qüvvələrin gücləndirilməsi, məzhəb ayrı-seçkiliyi, dini zəmində cəmiyyətdə sosial qütbləşmənin yaradılması, tolerantlığın zəiflədilməsi, xurafatın artırılması, dünyəvi təhsilə qarşı çağırışlar, dini zəmində qadın hüququnun və ənənəvi ailə institutunun pozulması və s. kimi cəhdləri qeyd etmək olar.
Milli kimliyimizə, adət-ənənələrimizə və mədəniyyətimizə qarşı çıxan dini qrupların məqsədi
A.Qafarov əminliklə bildirib ki, dini kimliyimizin milli kimliyimizə qarşı qoyulması İslamdan qaynaqlanan bir məsələ deyil: “Dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasının əsas səbəbi şəriət ilə mədəniyyət, ümmət ilə millət arasında fərq qoya bilməyən bəzi qeyri-ənənəvi dini qruplardır. Qeyd edilməlidir ki, Azərbaycan əhalisinin 96%-nin mənsubu olduğu İslam dini milli kimlik anlayışını inkar etmir və hətta Quran bunda bir hikmət olduğunu vurğulayır. Təəssüf ki, bu gün bəzi qeyri-ənənəvi dini qruplar və cərəyanlar tərəfindən aparılan təbliğatlarda bu nüanslar məqsədli şəkildə qeyd olunmur, hətta bu tarixi təcrübənin əksi təbliğ olunur. Ən dəhşətlisi isə budur ki, sözügedən dini qruplar, ancaq milli kimliyimizə qarşı deyil, hətta milli adət-ənənələrimizə və mədəniyyətimizə qarşı çıxırlar. Onların bu məzmundakı strategiyaları dini kimliyin milli kimliyimizə, azərbaycançılıq məfkurəsinə qarşı qoyulması kimi dəyərləndirilməlidir. Halbuki, azərbaycançılıq mahiyyət etibarilə İslama dair anlayış və prinsipləri də ehtiva edir".
Din bizim üçün milli ideologiya deyil, amma milli ideologiyamız olan Azərbaycançılığın əsas tərkib hissəsini təşkil edir. Bu ideya özünün ən bariz ifadəsini Azərbaycanın Dövlət Bayrağında və milli məfkurəmizdə tapır. Azərbaycan xalqının milli kimliyi ilə dini kimliyi arasında hər hansı bir ziddiyyət yoxdur. Bu iki anlayış milli məfkurəmizdə bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayır. İslam və Azərbaycan mədəniyyətləri bir-birinin tamamlayıcısıdır. Azərbaycan xalqının milli-mənəvi dəyərləri milli və dini dəyərlərin kompleks şəkildə ifadəsidir. Yəni İslam milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Milli-mənəvi dəyərlərimiz, hətta İslam dini ilə o qədər çuğlaşıb ki, onların sərhədlərini müəyyənləşdirmək qeyri-mümkündür.
Dini qruplaşmalarda xarici təsirlər
Mütəxəssis də hesab edir ki, müşahidələr bəzi qeyri-ənənəvi dini qrupların hüquqi dünyəvilik prinsipinə əhəmiyyət vermədiyini göstərir. Onun sözlərinə görə, bu dini qrupların təlim və təbliğatları sayəsində az da olsa, dini kontingentin daxilində dünyəviliyin zəifləməsi prosesi gedir:
"Şübhəsiz ki, bu məsələdə xarici qüvvələrin ideoloji dəstəyinin xüsusi rolu var. Onların əsas məqsədi ölkədəki mövcud dindar kontingentin zehnində dünyəvilik prinsiplərinin cəmiyyətin sosial-iqtisadi, mənəvi və hüquqi problemlərinin ortaya çıxmasında əsas səbəb olduğu fikrini formalaşdırmaq, beləliklə, dindar kəsimə maddi-mənəvi tərəqqi üçün yeganə çıxış yolunun şəriət qaydalarının tətbiqindən keçdiyi ideyasını təlqin etməkdir. Onlar dünyəvi dövlətləri özlərinə ortaq düşmən hesab edirlər. Təəssüf ki, bu kimi dini qruplar dünyəvi prinsiplərə qarşı çıxmaqla, əslində, xarici qüvvələrin böyük müstəmləkə siyasətlərinin tərkib hissəsinə çevrilirlər".
Din və ideoloji təhlükəsizlik çərçivəsində günümüzün ən aktual təhdidlərindən birini də dinin siyasiləşdirilməsi, dini radikalizm və məzhəbçilik məsələsi təşkil edir. Dinin siyasiləşdirilməsi məsələsi bu gün dünyada müstəmləkə siyasətinin ən mühüm vasitələrindən birinə çevrilib. Azərbaycan dövlətinin güclü olması və xalqın böyük əksəriyyətinin dünyəvilik tərəfdarı olması belə bir ideoloji təhlükənin ölkəmizdə reallaşması imkanını kifayət qədər zəiflədir. Bu gün ölkəmizdə sözügedən tendensiyanı mənimsəyən dini kontingentin özünə kifayət qədər sosial baza formalaşdırmamış olması da Azərbaycanda dinin siyasiləşdirilməsi istiqamətindəki ideologiyanın özünü açıq şəkildə büruzə verməməsinin əsas səbəbi kimi göstərilə bilər.
Azərbaycanda dini tolerantlıq, multikulturalizm və birgəyaşayış
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi bildirib ki, dini və ideoloji təhlükəsizlik zəminində qarşılaşdığımız problemlərdən biri də dini radikalizm və məzhəbçilikdir:
"Son dövrlərdə Yaxın və Orta Şərq müsəlman ölkələrində dini və məzhəb zəminində baş verən terror və xoşagəlməz hadisələr göstərir ki, dini radikalizm digər cəmiyyətlər və dövlətlərlə müqayisədə müsəlman ölkələri üçün siyasi və ideoloji baxımdan daha ciddi, təhlükəli və təhlükəli olduğu qədər də mühüm bir məsələdir. Yaxın və Orta Şərq İslam aləmində ortaya çıxan məzhəblərarası münaqişələr müsəlman aləminə qarşı olan cəmiyyət və qurumlar üçün münbit ideoloji və siyasi zəmin hazırlayır. Problemin ən vahiməli cəhəti isə ondan ibarətdir ki, elm və irfandan məhrum olan bəzi müsəlmanların yuxarıda qeyd etdiyimiz arzuolunmaz mövqeləri onları, təəssüf ki, İslam dünyasına istiqamətlənmiş praqmatik siyasətlərin könüllü oyunçuları halına gətirir".
Azərbaycanın Yaxın Şərqin qonşuluğunda yerləşməsinin riskləri
Filologiya üzrə fəlsəfə doktoru deyir ki, Yaxın Şərqdə məzhəbçilik istiqamətində özünü büruzə verən radikalizm ideoloji zəmində Azərbaycandakı bəzi dini qruplara da öz təsirini göstərib. A.Qafarov vurğulayıb ki, bunu radikal cərəyanların məzhəb təəssübkeşliyində və cəmiyyətimizdə aqressiv dindarlıqla səciyyələnən qütbləşmədə görmək olar:
"Əlbəttə, bu istiqamətdə dindarların sayında sürətli irəliləyiş olduğunu deyə bilmərik. Lakin unutmamalıyıq ki, ölkədə mövcud dini kontingentin müəyyən məzhəbçi və radikal düşüncələr zəminində bir-birinə qarşı barışmaz mövqedə olması milli-mənəvi birliyimiz və sabitliyimizin təhlükəsizliyi baxımından potensial təhdid ünsürü daşıyır. Belə ki, məzhəbçilik zəminindəki ortaya çıxıb alovlana biləcək hansısa bir radikal qüvvə çoxmillətli, çoxkonfessiyalı və multikulturalizm ideologiyasının geniş vüsət aldığı ölkəmizdə sosial-siyasi vəziyyətin arzuolunmaz məcraya yönəlməsinə, o cümlədən milli ideologiyamıza və dövlət maraqlarımıza zərər verə bilər. Yaxın Şərqdə dini zəmində baş verən proseslər, dini radikalizm və terror hadisələri bizə onu göstərdi ki, heç bir ölkə bu kimi hadisə və proseslərdən sığortalanmayıb. Azərbaycanın Yaxın Şərqin qonşuluğunda yerləşməsi bu riski daha da gücləndirir. Ölkəmizdə bu riskin minimum səviyyəyə endirilməsi isə ənənəvi dindarlığın qorunub saxlanılması, düzgün dini maarifləndirmə və bu istiqamətdə konkret olaraq atılacaq praktiki addımlarla mümkündür. Bu kimi tədbirlər ölkədə, sadəcə, dini radikalizmə qarşı deyil, eyni zamanda, qeyri-ənənəvi qruplar tərəfindən təbliğ olunan xurafat fikirlərə, dünyəvi təhsilə qarşı çağırış və tolerantlığın zəiflədilməsi cəhdlərinə qarşı da köklü bir mübarizə metodu və həll yoludur. Əks halda, radikal dini cərəyanlar və qeyri-ənənəvi dini qrupların ölkədə geniş vüsət almasına sosial zəmin yaradılmış olar".
Dini məsələlərin işıqlandırılmasında medianın rolu
Təbii ki, bəzi yad qüvvələrin və sektaların öz maraqlarını təmin etmək üçün din amilindən istifadə etməsi, dini və milli-mənəvi dəyərləri öz mənfur məqsədlərinin alətinə çevirməsi, o cümlədən, dinin siyasiləşdirilərək təbliğ və təqdim edilməsi kimi təhlükə və təhdidlərin qarşısının alınmasında medianın üzərinə xüsusi vəzifələr düşür. Bu mənada, dini maarifləndirmə yoluyla dini-ideoloji təhlükəsizliyin təmin edilməsinə dair tədbirlər içərisində medianın rolu böyük əhəmiyyət kəsb edir. Çünki media demək olar ki, hər evə müxtəlif elmi-texnoloji imkanlar vasitəsilə rahatlıqla daxil olur. Belə bir şərait insanların müxtəlif media vasitələrilə hər məsələdə olduğu kimi, dini məsələlərdə də müəyyən qədər məlumat əldə etməsinə geniş imkanlar yaradır. Amma burada əsas məsələ cəmiyyət üzvlərinin dini məsələlərdə media vasitəsilə sağlam şəkildə maariflənməsidir.
“Dinşünaslıq” kafedrasının müdiri qeyd edib ki, ona görə də kütləvi informasiya vasitələrində din ilə bağlı bir məsələ müzakirə edilərkən cəmiyyət üzvlərinin dini mənsubiyyəti və buna bağlı olan bəzi həssaslıqları nəzərə alınmalı, dini məsələlər bu sahənin mütəxəssisləri olan yüksəkixtisaslı ilahiyyatçılarla müzakirə olunmalıdır:
"Əks halda medianın din kimi həssas bir mövzuda ictimai çaxnaşmalara və xaosa səbəb olması, dini-ideoloji təhlükəyə zəmin yaratması qaçılmaz olacaq. Nəzərə alınmalıdır ki, ölkədə dini təhlükəsizliyin tam təmin olunması gənc nəslin sağlam ideologiyada yetişməsində böyük rol oynayır. Bu məsələdə isə müxtəlif dövlət qurumları ilə yanaşı, medianın da üzərinə böyük məsuliyyətlər düşür. Nəticə etibarilə cəmiyyətdə milli kimliyin formalaşmasında olduğu kimi, dini kimliyin formalaşmasında media-mətbuatın rolu inkaredilməzdir. Qeyd edilməlidir ki, ölkəmizdə dini maarifləndirmə və dini-ideoloji təhlükəsizliyin təmin ediməsi istiqamətində medianın da xüsusi rolu var".
Dini maarifləndirməyə nə vaxtdan başlamaq lazımdır?
İlahiyyat İnstitutunun müəllimi bildirib ki, media fəaliyyətləri içərisində xüsusilə səsli və görüntülü media fəaliyyətləri cəmiyyətin ancaq yeniyetmə, gənc, orta və yuxarı yaş kəsiminə xitab edir:
"Halbuki, dini-mənəvi maarifləndirmə istiqamətində cəmiyyətin mühüm bir hissəsini təşkil edən uşaqlar da nəzərə alınmalıdır. Bu mənada, uşaqlarda sağlam din təsəvvürü formalaşdıracaq motivdə cizgi filimlərinin, o cümlədən müxtəlif ibrətamiz və təlimləndirici qısa video çarxların hazırlanaraq televiziya və internet kanallarında yayınlanması ölkəmizin dini təhlükəsizliyinin təmin edilməsində erkən tədbirlər olaraq böyük əhəmiyyət kəsb edəcəkdir. Bu qəbildən tədbirlər gələcəyimiz olan uşaqlarımızın din haqqında sağlam təsəvvürə malik olmasına şərait yaradaraq onları gələcəkdə dini öz mənfur məqsədlərinin alətinə çevirən yad qüvvələrin və sektaların planlarının könüllü aktyorları olmaq təhlükəsindən sığortalayacaq. Nəzərə alınmalıdır ki, dini öz məqsədlərinin alətinə çevirən yad qüvvələr hər şeydən əvvəl cəmiyyətin din haqqında məlumatı olmayan kəsimini cəlb etməyə çalışır. Çünki bu qəbildən olanlar onlara aşılanan dini-ideoloji fikirləri məntiq süzgəcindən keçirmədən, onlara təbliğ olunan dini doğru dini biliklərlə müqayisə etmədən qəbul edir və inanır. Buna görə də medianın dinə dair sağlam maarifləndirmə fəaliyyətləri çərçivəsində gördüyü işlər və bu istiqamətdə tövsiyə olunan bütün növ tədbirlər ölkəmizin dini-mənəvi təhlükəsizliyinin təmin edilməsi və bu istiqamətdə atılan mühüm addımların tərkib hissəsi kimi böyük əhəmiyyət kəsb edir".
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.