"Azərbaycanda bir sıra cərəyanlar var ki, onlar tolerant mühitə zərbə vura bilərlər"
Bakı. 11 yanvar. REPORT.AZ/ "Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi təqdirəlayiqdir".
Bunu "Report"a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyyad Aran deyib.
O bildirib ki, tolerantlıq Azərbaycan xalqının mental xüsusiyyətlərindən biridir: "Əsrlər boyu ölkəmizdə ən müxtəlif dinlərin nümayəndələri yaşayıb. Tarix göstərir ki, bütün dövrlərdə xalqımız həm öz dinindən kənar olan insanları, həm də müxtəlif millətlərin nümayəndələrini həmişə hörmətlə qarşılayıb. Azərbaycanda həm multikultiralizm ənənələri, həm də tolerantlıq xalqın milli xüsusiyyətləri ilə bağlıdır. Bildiyiniz kimi, yəhudilərin Azərbaycanda 2600 illik yaşama təcrübəsi var. Azərbaycan dövləti ölkəmizdəki konfessiyaların nümayənədələrinə və dini icmalarına qayğı ilə yanaşır. Dövlət tərəfindən 2015-ci ildə qeyri-islam dinlərinə məxsus icmalara 480 min manat vəsait ayrılıb. Bu onların fəaliyyətinin daha da güclənməsi üçün edilib. Təbii ki, bu vəsait Azərbaycan Prezidenti İlham Əliyevin ölkədəki maarifçilik ənənələrinin təbliğ edilməsiylə bağlı ayırdığı 2 milyon 500 min manatdan verilib. Azərbaycanda tolerantlıq ənənələrinin olmasını bütün dünya bilir. Ölkəmizdəki multikultural mühit, tolerantlıq dünyanın bir çox dövlətlərinin diqqətini cəlb edib. Dünyadakı din xadimləri Azərbaycandakı mövcud vəziyyəti yüksək qiymətləndirirlər. Azərbaycan multikulturalizmi bir fənn kimi Avropa dövlətlərinin universitetlərində tədris olunur. Bu, Azərbaycan dövlətinin son illərdə əldə etdiyi nailiyyətlərdən biridir. Biz bunun coğrafiyasını genişləndirməyə çalışırıq".
S.Aran Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı ildə maarifləndirmə məsələsinə üstünlük veriləcəyini qeyd edib: "Ayrı-ayrı bölgələrdə İslam dininin düzgün qəbul edilməsi üçün tədbirlərin keçirilməsi əsas işimizdir. Bu, 2016-cı ildə də davam etdiriləcək".
Onun sözlərinə görə, Azərbaycanda bir sıra cərəyanlar var ki, onlar ölkənin multikulturalizminə və tolerant mühitinə zərbə vura bilərlər: "Həmin şəxslərə qarşı mübarizə aparılır. Bu istiqamətdə də işlər görülür".
O qeyd edib ki, Azərbaycanda sələfilər, "Yehovanın şahidləri" və başqa cərəyanlar ölkə qanunlarına yad münasibət bəsləyirlər: "Həmin şəxslər dindar kimi üzərlərinə düşən vəzifəni yerinə yetirməməkdən əlavə, davranış normalarını keçərək özlərinə aid olmayan işlərlə məşğul olurlar. Bizim onlarla bağlı tədbirlərimizi bəzi dövlətlər insan haqlarına təzyiq kimi qiymətləndirirlər. Əslində isə həmin cərəyanların davranışı, insanlara münasibəti qəbuledilməzdir. Azərbaycan dünyaya açıq dövlətdir. Ölkəmizdə hər üç səmavi dinin nümayəndələri var. Eyni zamanda, bir çox məzhəblərin də nümayəndələri sərbəst şəkildə fəaliyyət göstərirlər. Biz kimsənin işinə qarışmırıq. Hər kəsi dövlətin qanunlarına əməl etməyə çağırırıq".