“Bakıda islamofobiya ilə mübarizəyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi dünya müsəlmanları üçün vacibdir”.
Bunu "Report"a açıqlamasında Corctaun Universitetinin “Körpü” (Bridge) Təşəbbüsünün böyük elmi işçisi Arsalan İftixar deyib.
Onun sözlərinə görə, dünyada islamofobiyanın təzahürləri artmaqdadır: "Bu həm ABŞ-a, həm Avropaya, həm də Asiyaya aiddir. Hətta bəzi ölkələrdə bu, Myanmada olduğu kimi soyqırımı səviyyəsinə çatıb".
“Bu baxımdan, dünya ekspertlərini, islamofobiya üzrə alimləri bir araya gətirmək və dünya ictimaiyyətinin bu problemin həlli üçün öz qüvvələrini necə səfərbər edə biləcəyini müzakirə etmək çox vacib idi”, - ekspert bildirib.
A.İftixar vurğulayıb ki, indiki məqamda dünya müsəlmanlarının tolerantlıq nümayiş etdirməsi və bütün islam ictimaiyyəti üçün daha yaxşı gələcəyə ümid etməsi çox mühüm əhəmiyyətə malikdir.
"İslamofobiya ilə mübarizənin ən yaxşı üsulu beynəlxalq münasibətlərə, Avropa ölkələrinin vətəndaş cəmiyyətinə mümkün qədər çox müsəlman cəlb etməkdir. Onları pis deyil, əksinə, ən yaxşı tərəfdən göstərmək lazımdır", - o fikrini tamamlayıb.