Tbilisi. 1 oktyabr. REPORT.AZ/ Gürcüstanda builki dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən dini icmalara ayrılmış vəsaitin bölgüsü başa çatdırılıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata əsasən, bölgünün birinci mərhələsində ölkənin müsəlman icmasına 2,2 mln. lari (842,2 min dollar), ikinci mərhələsində isə 550 min lari (210,5 min dollar) ayrılıb. Bununla da Gürcüstanda dini icmalar arasında ən böyük vəsait 2 750 000 lari (1,05 mln. dollar) olmaqla müsəlman icmasının payına düşüb.
Erməni xristian, Roma katolik və yəhudi icmasına ayrılmış ümumi vəsait isə müvafiq olaraq 800 min lari (306,2 min dollar), 550 min lari (210,5 min dollar) və 400 min lari (153,1min dollar) təşkil edib.
Gürcüstanda 2018-ci ilin dövlət büdcəsindən dini icmalara, ümumilikdə, 4,5 milyon lari (1,7 mln. dollar) vəsait ayrılıb.