Gürcüstanın Batumi şəhərində yeni məscidin tikintisi ilə bağlı son məhkəmə iclası keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Batumi Şəhər Məhkəməsinin məsələ ilə bağlı qərarını sentyabrın 26-da elan edəcəyi gözlənilir.
Hakim Cumber Bejanidze bildirib ki, məhkəmə işlə bağlı hüquqi təhlil aparandan sonra yekun qərar qəbul edəcək.
Qeyd edək ki, Batumidə yeni məscidin inşası ilə bağlı məhkəmə prosesi 2017-ci ildən davam edir. Son üç ayda məhkəmə iclasları bir neçə dəfə təxirə salınıb.
Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildə başlayıb. Şəhərdə fəaliyyət göstərən yeganə məscid müsəlmanlara kifayət etmir. Belə ki, onların əksəriyyəti dini ibadətlərini məscidə yaxın küçədə yerinə yetirir.
2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadratmetr sahəyə malik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib. Müsəlman icması meriyanın qərarını əsassız və diskriminativ hesab edir.