Gürcüstanın Batumi şəhərində ikinci məscidin tikintisi ilə bağlı şəhər rəhbərliyi və müsəlman icması arasında aparılan danışıqlar növbəti dəfə nəticəsiz başa çatıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, müsəlman icması Batumi meri Laşa Komaxidzenin onlara etdiyi təklifin təhqiramiz olduğunu bildirib.
İcma iddia edir ki, şəhər rəhbərliyi onların hesabına məscid üçün alınan torpaq sahəsini mənimsəmək istəyir. Müsəlmanlar Batumi meriyasının onlara qarşı ayrı-seçkiliyə yol verdiyini bildirib.
Gürcüstanın Müsəlmanlar Birliyinin sədri Tariel Nakaidze deyib ki, məcsidin inşasına nail olmaq üçün qanunun imkan verdiyi bütün vasitələrdən istifadə edəcəklər.
L.Komaxidze öz növbəsində müsəlman icmasının dialoqa hazır olmadığını bildirib. Batumi meri müsəlman icmasına edilən təklifin təhqiramiz olmadığını deyib: "Məsələnin həlli üçün imkanlar tükənməyib. Şəhər rəhbərliyi məsələni qarşılıqlı anlaşma şəraitində həll etməyə hazırdır".
Qeyd edək ki, Batumidə yeni məscidin inşası ilə bağlı məhkəmə prosesi 2017-ci ildən davam edir. Son məhkəmə iclası iyunun 21-də keçirilib.
Batumidə yeni məscidin tikintisi ilə bağlı mübahisə 2013-cü ildə başlayıb. Şəhərdə fəaliyyət göstərən yeganə məscid müsəlmanlara kifayət etmir. Belə ki, onların əksəriyyəti dini ibadətlərini məscidə yaxın küçədə yerinə yetirir.
2017-ci ildə şəhərin müsəlman icması məscid üçün 3 min kvadrat metr sahəyə malik torpaq sahəsi əldə edib. Lakin Batumi meriyası həmin ərazidə tikililərin sıx olduğunu əsas gətirərək məscidin inşasına icazə verməyib.