“Gürcüstan və Azərbaycan arasında sərhəd məsələsi ilə bağlı gərginliyin yaranmasında üçüncü qüvvələr maraqlıdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O xatırladıb ki, həm Gürcüstan, həm Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır: “Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı məsələni gündəmə gətirib müəyyən ziddiyyətlər yaratmaqla işğal faktını arxa plana atmağa çalışırlar. Gürcüstan və Azərbaycan əsrlər boyu dostluq şəraitində yaşayıb. Məbəd kompleksi ilə bağlı məsələnin hər iki ölkə və xalqın maraqlarına uyğun həll olunmasını arzu edirik”.
GMİ sədri qeyd edib ki, Gürcüstanda bəzi siyasi və din xadimləri ölkə müsəlmanlarına qarşı təhqiredici çıxışlara yol verirlər: “Bu məsələyə ehtiyatla yanaşmaq lazımdır. Məbəd kompleksi ilə bağlı yaranmış vəziyyətin dini və milli zəminə daşınmasının əleyhinəyik”.
R.İgidov müqəddəs Ramazan ayının başlandığını vurğulayaraq Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiya və demarkasiya məsələsinin tezliklə həll olunmasını arzu etdiyini bildirib. O, Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı emosional çıxışlardan uzaq olmağa və delimitasiya komissiyasının qərarını gözləməyə çağırıb. GMİ sədri delimitasiya komissiyasında din xadimlərinin təmsil olunmasına zərurətin olmadığını qeyd edib.