Bakı. 29 iyun. REPORT.AZ/ "Hazırda Azərbaycanda məsciddən, kilsələrdən kənarda dini kitabları tədris edən kurslara rast gəlinir".
"Report" xəbər verir ki, bunu “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda respublika müşavirəsində Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O bildirib ki, Allahın kitablarını öyrənmək təbii hadisədir: "Əlbəttə, biz də istəyirik din təbliğ olunsun. Amma Quran kursu açmaq üçün Qafqaz Müsəlmanları İdarəsindən icazə almaq lazımdır. Bu icazə bütün dini kitabları öyrənmək kurslarına aiddir".
G.İsmayılov vurğulayıb ki, hər kəs evində ibadət edə bilər, amma evlərdə kütləvi ibadətlər təşkil edilməməlidir: "İnsanlar öz evlərindən kütləvi dini ibadətlər üçün istifadəyə yol verməməlidirlər".
Onun sözlərinə görə, dini icmaların sədrlərinin böyük əksəriyyəti hətta qeydiyyatdan keçmiş dini icmanın Nizamnaməsi ilə tanış deyillər: "İslam təmayüllü icmalardan fərqli olaraq, qeyri-islam təmayüllü icmalar qanunvericiliyi daha yaxşı bilir".
G.İsmayılov bildirib ki, Azərbaycan vətəndaşı olmayan şəxslərin ölkədə dini təbliğatla məşğul olmasına icazə verilmir: "Bu, qanunvericilikdə qadağandır. Ancaq, əsasən, qeyri-islami yönümlü dini icmallarla bağlı belə hallara rast gəlirik. Bu, yolverilməzdir".