Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi qəbul edib.
QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, A.Paşazadə Azərbaycanda müxtəlif din nümayəndələrinin dostluq, qardaşlıq, qarşılıqlı anlaşma mühitində yaşamalarını böyük nemət kimi dəyərləndirdiyini və ölkəmizin xristian dünyası ilə əlaqələrinin dərinləşməsini müsbət hal kimi qeyd edib.
Şeyxülislam Azərbaycanda dinlər, konfessiyalar arasında mövcud yüksək səviyyəsinin təmini və davamlılığında dövlət siyasətinin, şəxsən ölkə rəhbərinin səy və fəaliyyətinin böyük rolu olduğunu fəxarətlə vurğulayıb. O, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünün bərpası uğrunda 44 günlük Vətən müharibəsi dövründə, qazanılmış Zəfərdən sonrakı müddətdə Azərbaycanla Almaniya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluğunubildirib.
Şeyxülislam rəhbərlik etdiyi QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Mərkəz xəttilə bugünədək həyata keçirdikləri təşəbbüs və tədbirlər barədə, Avropa ölkələrində, o cümlədən, 2019-cu ildə Almaniyada baş tutmuş beynəlxalq konfrans barədə alman səfirə ətraflı məlumat verdi və gələcəkdə da Almaniya ilə də dini-mənəvi əlaqələr müstəvisində münasibətlərin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq yönündə əməli fəaliyyət üçün səy göstərəcəklərini deyib.
Almaniya səfiri ölkəsində İslam dininin alman mədəniyyətinin tərkib hissəsi kimi qəbul edildiyini, müsəlmanların, türk mənşəli, habelə 26 min Azərbaycanlı vətəndaşlarının Almaniyada yaşamasından bəhs edib. Ölkəsində yeni federal hökumət qurulmasından danışan səfir yeni hökümətin də Azərbaycanla əlaqələrin, münasibətlərin uğurlu inkişafında maraqlı olduğunu bildirib.
Almaniyalı səfir V.Maniq istər bölgədə, istərsə dünya miqyasında böyük nüfuz və ehtiram sahibi olan Şeyxülislamla görüşməkdən məmnunluğunu ifadə edib.
A.Paşazadə səfirin Azərbaycanın dini liderinin erməni din rəhbəri ilə görüşlərinə dair suallarını cavablandırıb.
QMİ sədri vurğulayıb ki, monoetnik Ermənistandan fərqli olaraq multikultural Azərbaycanda müxtəlif millət və dinlərin nümayəndələri mehribanlıq, qarşılıqlı ehtiram və anlaşma şəraitində əsrlərlə dinc yanaşı yaşayırlar və erməni vətəndaşlarımız da bizimlə birlikdə əmin-amanlıqda yaşaya bilərlər.
Səfir Azərbaycanda mövcud dinlərarası səmimi münasibətlərin, məzhəblərarası qarşılıqlı ehtiram mühitinin təkcə Qafqaz bölgəsi üçün deyil, Avropa məkanı, o cümlədən, Almaniya üçün böyük maraq və əhəmiyyət kəsb etdiyini deyib.
Görüşdə Azərbaycanın Vətən müharibəsindən sonra iqtisadi tərəqqi, kommunikasiyaların açılması yönündə səylərinin bölgədə dinc birgəyaşayış və qarşılıqlı anlaşma mühitinin tezliklə bərqərarına səbəb olacağına ümid ifadə olunub.
Şeyxülislam öz növbəsində, Almaniya dövlətinin yeni hökumətinə uğurlar dilədi və səfirə bundan sonrakı fəaliyyətində xeyir-dualar arzuladı. Səfirə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən müxtəlif nəşrlər təqdim olunub.