Bakı. 25 yanvar. REPORT.AZ/ İlahiyyatçı Elşad Miriyev
"Report"un xəbərinə görə, müraciətin səbəbi Dövlət Komitəsinin E.Miriyevin müəllifi olduğu “İslamda yoxdur” kitabının çapını məqsədəuyğun hesab etməməsi və bununla bağlı qərarı Apellyasiya Məhkəməsinin qüvvədə saxlamasıdır.
DQİDK-nın Mətbuat xidmətindən "Report"a daxil olan açıqlamada bildirilib ki, Dövlət Komitəsi tərəfindən “İslamda yoxdur” kitabının nəşrinin məqsədəuyğun sayılmamasının səbəbi, o cümlədən E.Miriyevin söylədikləri barədə dəfələrlə mətbuata açıqlama verilib: "Hətta bu barədə Dövlət Komitəsində müəllifin özü ilə dəfələrlə söhbət aparılıb və sualları cavablandırılıb. Lakin, təəssüf ki, E.Miriyev indiyədək, o cümlədən sonuncu videomüraciətində məsələ ilə bağlı məqsədli şəkildə yanlış fikir formalaşdırmağa çalışır. Belə ki, müəllif məlum kitabının xurafata, falçılığa, cadugərliyə, siğəyə və s. qarşı yazıldığını və buna görə nəşrinə icazə verilmədiyini iddia edir. Həmçinin kitabın çapına icazə verilməməsini senzura kimi qələmə verir.
Bir daha bildiririk ki, dinşünaslıq ekspertizasının həyata keçirilməsi senzura kimi qəbul edilə bilməz. Bunun əksini yalnız hüquqdan xəbəri olmayanların və ya başqa məqsəd güdənlərin deməsi mümkündür. “İslamda yoxdur” kitabının nəşrinin məqsədəuyğun sayılmamasının səbəbi kitabla bağlı rəydə qeyd olunur. Rəydə bildirilir ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər aşkar edildiyindən onun nəşri məqsədəuyğun hesab edilmir. Həmin fikirlər isə, əsasən, seyidlik anlayışı və Peyğəmbərin məsumluğu ilə bağlıdır. Müəllifin bu məsələlər barədə mövqeyi cəmiyyətdə maarifləndirmədən daha çox dini durumda mənfi təzahürlərin meydana gəlməsinə rəvac verə bilər".
Komitənin açıqlamasında qeyd edilib ki, kitabda toxunulan məsələlərlə (xüsusilə, sehr, cadu, siğə, azyaşlıların ailə qurması və s.) bağlı cəmiyyətdə maarifçilik işinin aparılmasına həqiqətən də ehtiyac var və kitabın bu hissəsinə heç bir irad yoxdur, ola da bilməz: "Lakin həssas dini məsələlərlə bağlı maarifləndirmə işi aparılarkən ölkədəki dini mühit, insanların, xüsusilə möminlərin diqqət göstərdiyi məqamlar, müəyyən fikirlərin cəmiyyətdə doğura biləcəyi reaksiyalar mümkün qədər nəzərə alınmalı, dindarların heysiyyatına toxuna biləcək nüanslardan maksimum qaçınılmalıdır. Hətta mümkün qədər mülayim və ehtiyatlı danışıq və yazı üslubu seçilməlidir. Lakin Elşad Miriyevin məlum kitabının “dili” və “üslubu” bilərəkdən və ya bilməyərəkdən sərtdir. Mövzularla bağlı sualların qoyuluşundan, daha doğrusu mövzuların məqsədli şəkildə sərt sual formasında qoyulmasından və mövzuya yanaşmadan aydın görünür ki, müəllif oxucunu maarifləndirməkdən daha çox, müəyyən dini kəsimi qıcıqlandırmaq məqsədi güdür. Məsələn, hansısa bir şəxsin, o cümlədən E.Miriyevin seyidlik anlayışını və seyidləri qəbul etməməsini başa düşmək olar. Bu, hər kəsin şəxsi işidir. Lakin “seyidlik” və “iblis təkəbbürlüyü” arasında hansısa formada bənzərlik “tapmaq” və müqayisə aparmaq və ya ironik eyhamla “ağır”, “yüngül” seyidlər ifadəsini işlətmək nəinki ilahiyyatçıya yaraşmır, hətta insanların heysiyyatına toxunmaq kimi qiymətləndirilə bilər.
E.Miriyevə ilk gündən bildirilib ki, sözügedən iki məqam kitabdan çıxarılacağı təqdirdə onun nəşrinə icazə verilə bilər. Amma o, məqsədli şəkildə bunu etmir. Bu məsələdən istifadə edərək gündəmdə qalmaq, diqqəti cəlb etmək istəyir. Kitabla bağlı Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşının mütəxəssis rəyini də müxtəlif bəhanələrlə “qaralamağa” çalışır. Həmçinin, “İslamda yoxdur” kitabının Türkiyə və Qırğızıstanda nəşr olunmasını xüsusi qabardaraq Dövlət Komitəsinin ekspertlərini qərəzli münasibətdə ittiham edir. Bir daha qeyd edirik ki, kitabda ölkədəki dini duruma mənfi təsir göstərə biləcək fikirlər olduğu üçün onun çapı məqsədəuyğun sayılmayıb. Təbii ki, Azərbaycandakı dini durum Türkiyə və Qırğızıstandan fərqlidir. Bunu E.Miriyev də başa düşür, amma qəbul etmək istəmir. Çünki onu, məlum kitabının çapından daha çox gündəmdə qalmaq maraqlandırır. Onu da bildiririk ki, Dövlət Komitəsi tərəfindən son günlərədək E.Miriyevin müəllifi olduğu və ya ölkəyə idxal etdiyi onlarla kitaba razılıq verilib. Bu məsələdə hər-hansı qərəzin və qeyri-obyektivliyin olmadığı hamıya məlumdur".