Bakı 10 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və bütün dini konfessiyalar qanun qarşısında bərabər hüquqlara malikdirlər.
O qeyd edib ki, Azərbaycan tolerant və multikultural dəyərləri ilə dünyada nümunə ola biləcək ölkələrdən biridir: "Ölkədə müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, Azərbaycan dövləti tərəfindən dini icmalara fəaliyyət göstərmələri üçün maliyyə yardımı ayrılır".
Səfir Robert Sekuta Azərbaycanın güclü tolerantlıq ənənələrinə malik olduğunu və hazırda narahat dünyada bunun böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, təmsil etdiyi ölkə Azərbaycanla münasibətlərinə önəm verir və bu münasibətlərin inkişafına çalışır.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-ın yeni administrasiyası ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli əlaqələrin qurulacağına və bunun hər iki dövlətin mənafeyinə xidmət edəcəyinə əmin olduğunu bildirib.
Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və şöbə müdirləri iştirak ediblər.