Dini təhlükəsizlik: dövlət, cəmiyyət və media əməkdaşlığı yad təsirlər qarşısında sipərdir - TƏHLİL

Dini təhlükəsizlik: dövlət, cəmiyyət və media əməkdaşlığı yad təsirlər qarşısında sipərdir - TƏHLİL İnsan yaradılışının bilinən ən qədim tarixinə səyahət etdiyimizdə belə orada nəyəsə və ya kiməsə inamın - bir sözlə ibtidai dini anlayışın izlərini görmək mümkündür. Bu əslində çoxuna məlum olan məsələnin yenidən aşkara çıxarılmasına bənzəyir. Bir çox ins
Din
19 İyun , 2023 16:32
Dini təhlükəsizlik: dövlət, cəmiyyət və media əməkdaşlığı yad təsirlər qarşısında sipərdir - TƏHLİL

İnsan yaradılışının bilinən ən qədim tarixinə səyahət etdiyimizdə belə orada nəyəsə və ya kiməsə inamın - bir sözlə ibtidai dini anlayışın izlərini görmək mümkündür. Bu əslində çoxuna məlum olan məsələnin yenidən aşkara çıxarılmasına bənzəyir. Bir çox insan fiziki şəkildə ibadət etməsə də, ruhən və fikrən inanmağı seçir. Bu baxımdan inam, yəni din insanın həyatında onun sığındığı bir liman kimi özünə yer tapır.

Din dedikdə, müxtəlif inanc və məzhəbləri ehtiva edən geniş bir anlayışı düşünmək lazımdır. Bəzi dinlər səmavidir, yəni müqəddəsdir, təkallahlı və müqəddəs kitabı var ki, onların sayı üçdür. Amma fərqli inanclar və digər məzhəblərlə birlikdə dünyada düz 4,3 min dinin olduğu qəbul edilir.

Məsələn, hər hansı bir bölgənin yerli əhalisi daha çox mistik və təbii qüvvələri, səma cisimlərini, heyvanları və ya yerdəki bəzi şeyləri müqəddəs hesab edərək orada sonradan məskunlaşanlardan fərqlənə bilər. Bunun nəticəsində isə bir çox müxtəlif məzhəblər meydana çıxır. Ona görə də belə məzhəblərin sayını təxminən müəyyən etmək olar. Digər tərəfdən deist, panteist, humanist və ya azad fikirli kimi qruplar da ateist, yəni din qarşılığında təsnif edilir. Dünyada ateistlərin sayı isə bir milyondan çoxdur. Göstərilən statistik rəqəmlərə nəzərən inancının, yəni dininin olmadığını iddia edən kəsimin bu qədər inanan qarşısında sayı kifayət qədər azdır.

Bir sözlə din və məzhəblərin cəmiyyətlər üzərindəki təsir gücünü anlamaq üçün kiçik bir araşdırma kifayətdir. Məhz buna görə tarixən istər daxili, istərsə də xarici güclərin fərqli cəmiyyətlərdə istəklərinə nail olmaq üçün seçdiyi əsas təsir vasitələrindən biri din və məzhəb hesab olunur.

Yerləşdiyi coğrafi mövqe səbəbindən istər Ermənistan, istərsə də İran tərəfindən Azərbaycana qarşı mütəmadi dini, eyni zamanda məzhəb zəminində təzyiqlər edilir. İran tərəfindən şiələrin guya təqibə məruz qalması, Ermənistan tərəfindən isə ermənilərin dini və etnik zəmində təzyiqlərlə üzləşməsi kimi əsassız iddialar irəli sürülür. Lakin Azərbaycandakı müxtəlif dini konfessiyaların birgə yaşayışla bağlı dəfələrlə Ermənistana çağırışı və şiələrin ibadət üçün Azərbaycan bayrağı ilə məscidlərə getməsi hər iki tərəfin tezisləri qarşısında tutarlı arqument kimi dayanır.

Bütün bunların fonunda meydana bir sual çıxır: bəs, bu təsirlərin qarşısının alınmasında media hansı rol oynaya bilər?

Azərbaycanda sözügedən məsələ ilə əlaqədar köklü ənənə var: tolerantlıq və multikulturalizm. Bəhs olunan ənənənin əsasının qoyulması da məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hansı ki, həmin irs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu ənənə dini və məzhəb ayrı-seçkiliyi kimi anlayışların zəhərli sarmaşıqtək cəmiyyətdə yayılmasının qarşısının alınmasına böyük töhfə verir. Lakin dini və məzhəb ayrı-seçkiliyi məsələsi o qədər həssas və dərin mövzudur ki, problemlə mübarizənin əsasında cəmiyyətimizin daim maarifləndirilməsi amili durur. Burada da əsas aktor kimi media oyuna daxil olur. Medianın bəhs olunan məsələyə yanaşması dəqiq və əsaslandırılmış faktlar üzərindən aparılmalıdır. Bu baxımdan mövzu barədə danışan və ya qələmə alan jurnalistin mövzundan xəbərdar olması ən vacib şərtdir. Çünki din və məzhəb bərabərliyi sahəsində yol verilən kiçik bir səhv belə oxucu, yaxud tamaşaçı ağlında böyük suallar yaranmasına səbəb ola bilər. Azərbaycana qarşı dini və məzhəb ayrı-seçkiliyi ilə əlaqədar təzyiq göstərməyə çalışan tərəflərin də mediadan güclü bir alət kimi istifadə etdiyi hər kəsə məlumdur.

Sözügedən məsələlərlə əlaqədar yazı yazan və ya proqram hazırlayan jurnalist mediada dinin nifrət nitqindən uzaq təqdim edilməsinə, televiziyada dinin düzgün təmsil olunmasına, reklam ünsiyyətində dini uydurmalardan və əsassız məlumatların istifadəsindən qaçılmasına qədər bütün mövzulardan xəbərdar olmalı, digər tərəfdən, dini qurumların media strategiyalarını və məzhəb fərqlərinin mediadakı əksini qeyd etməyi bacarmalıdır. Üstəlik, din xadimlərinin sosial mediadan istifadəsinin vacibliyi, media və din spektri altındakı başlıqların həm Azərbaycandakı, həm də qlobal səviyyədəki təzahürlərini, eyni zamanda media və din arasındakı əlaqəni daim araşdırmalıdır.

Bir sözlə, burada Kütləvi İnformasiya Vasitələrinin (KİV) rolu “mesaj göndərən”, “mənbə” və “qəbul edən” olaraq üç əsas hissəyə bölünür.

Media “hədəf auditoriyası” arasında “vasitəçi” mövqeyindədir. Bu səbəbdən də KİV-i sözün hərfi mənasında “münasibət dəyişdirmə vasitələri” kimi də təyin etmək olar. Fərd və cəmiyyətə münasibətin müəyyən edilməsi, sosiallaşma, mədəniyyətin ötürülməsi kimi anlayışlar KİV-lərin bəhs olunan məsələdəki funksiyalarını həm də vacib edir. Çünki dinlərin də insanlara bir mesajı var və onu cəmiyyətə düzgün, eyni zamanda aydın şəkildə çatdırmaq lazımdır.

Bu mənada dini qurumların və ya icmaların KİV-dən dini mesajların yayılması üçün istifadə etmək istəməsi təbiidir.

KİV-lər bu gün ailə, məscid, xütbə kimi dini sosiallaşma alətlərinə əlavə olaraq “müasir dini sosiallaşma” vasitəsi kimi görünür. Dini ictimailəşmədə medianın əsas funksiyası dini biliklərin doğru şəkildə ötürülməsidir. Həmçinin media vasitəsilə dini mədəniyyətin təbliği və mənimsənilməsi istiqamətində fəaliyyətlər geniş kütlələrə çatdırıla bilər.

Media ilk növbədə siyasət və əyləncə üçün vasitədir. Ondan dini məqsədlər üçün istifadənin üstünlükləri ilə yanaşı, dünyəvi fəaliyyət məntiqinə malik olması kimi “mənfi cəhətləri” də var. Buna baxmayaraq KİV-in din baxımından faydalı funksiyalarından biri mücərrəd, çətin və mürəkkəb mövzuları “anlaşılan” şəkildə təqdim etməyə imkan verir. Xüsusilə mücərrəd məzmunlu dini müasir ünsiyyət vasitələri ilə təsirli və anlaşılan şəkildə kütləyə çatdırılması, şübhəsiz ki, bu gün çox vacibdir.

Media ilə din münasibətlərində diqqət yetirilməli olan digər bir məsələ burada dini mövzuların necə təqdim olunmasıdır. Bu zaman diskurs (mühakimə) və nəşr dilinin məntiqi önəmli məqamdır.

Din müəyyən ənənə üzərində qurulduğundan KİV dini keçmişlə bağlı tamamilə ənənəvi çərçivədə təqdim etməyə çalışanda, başqa sözlə, xalq mədəniyyətinin məntiqi ilə din mesajı arasında ortaq nöqtələr olmadıqda, hazırlanan proqramlarda problemlər yaranır. Belə ki, həmin material ya çox köhnədir, ya da dinin ümumi prinsiplərinə zidd kimi ifrata qaçılır.

Bu formatlardan çıxmağın yolu isə medianın və müasir mədəniyyətin ritorikasını bilmək və ondan düzgün istifadə etməyi bacarmaqdır.

Bunun üçün dini seriallarda, filmlərdə və ya verilişlərdə ünsiyyətlə ilahiyyatın ortaq istifadəsinə diqqət yetirmək, xüsusilə mesajın təsirli olması baxımından güclü bədii dildən istifadə etmək lazımdır. Bu baxımdan dinin əsas prinsipləri və dəyərlərini günümüzün kütləvi ünsiyyət məntiqi ilə izah edəcək tədqiqatlara ehtiyac hələ də qüvvədə qalır.

Bəs dinin təhlükəsizliyi nədir? Dini təhlükəsizlik cəmiyyətin inkişafına, dövlətin təhlükəsizliyinə nə kimi töhfələr verə bilər?

Elə ziyanlı inanclar və məzhəblər var ki, bu, həm ölkə əhalisinin inancına, həm də dövlət təhlükəsizliyinə təhlükə yarada bilər. Ona görə dini təhlükəsizlik məsələsindən bəhs edərkən dövlətin təhlükəsizliyi də qeyd edilməlidir. Azərbaycanda ənənəvi olaraq İslam, Xristian və İudaizm (yaxud musəvilik və ya yəhudilik) dini mövcud olub. İslam dininin əsasən şiə və sünni məzhəbləri var, lakin sonradan fərqli məzhəblər də meydana çıxıb. Xristianlıqda isə əsasən pravoslav təriqəti çoxluq təşkil edib. Ona görə məzhəbləri qeyd edərkən təkcə İslamla bağlı yox, Xristianlığın təriqətlərindən də danışmaq lazımdır. Din, vicdan azadlığı dedikdə söhbət kimin nəyə istəsə ona inanması məsələsi ilə yekunlaşmır. Bu həm də ölkədə insanların qəbul etdiyi dini inancın ona, yəni şəxsə və yaxud şəxslərə təsiri məsələsidir.

Nəticə etibarilə bəhs olunan mövzu barədə material hazırlayan media mənsubları tolerantlıq və multikulturalizm anlayışına zidd ola biləcək ritorikadan uzaq durmalı, eyni zamanda işlənən mövzu barədə dərin biliyə malik olmalıdırlar. Din sahəsindəki media savadlılığı və yumşaq gücdən düzgün istifadə əsasən Yaxın və Orta Şərq ölkələrində dini zəmində baş verən müharibələr, həmçinin digər neqativ hadisələrdən uzaq durmaq üçün ən unikal variant kimi görünür. Ona görə də məhz media bu cür neqativ halların ölkəmizdə baş verməsində əsla vasitəçi rolunda çıxış etməməlidir.

Qeyd: Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi