Azərbaycanda din və təhsil bir-birindən ayrıdır və bu səbəbdən də hər kəsin seçim azadlığı var.
“Report”un məlumatına görə, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan Din Xadimlərinin Forumu çərçivəsində baş tutan "Dünyəvi dövlətdə dini təhsil modelləri: Nəzəriyyə və praktika" mövzusunda panel müzakirələri zamanı deyib.
İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə baş tutan panel müzakirələrində Azərbaycanda din və təhsilin əlaqəsindən danışan Ü.Səttarova bildirib ki, eyni məkanda həm təcrübəli dini xadimlərinin, həm də pedaqoqların birgə çalışması uğurlu nəticəyə gətirib çıxara bilər.
Fəlsəfə üzrə doktor, dosent Elvüsal Məmmədov dövlətin dinə olan münasibətinin önəmindən bəhs edib:
"Dini təhsilin dövlətin əlində cəmləşməsi təhlükəsizlik baxımından önəmlidir. Sovet dövründə dini təhsildən söz gedə bilməzdi".
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev klassik islam elmlərinin müasir gəncin şüuruna nüfuz etməsi üçün atılmalı olan addımlardan danışıb:
"Dini mənbələrdən düzgün şəkildə öyrənmək lazımdır. Din təhsili 5-ci sinifdən sonra başlanılmalıdır. İlahiyyat İnstitutunda gələcəkdə yeni fakültəni təsis etmək olar. İslam elmlərinin müasir gənclərə xitab etməsi üçün din pedaqogikası fənninin tədris olunmasını təklif edirəm".
Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov bildirib ki, din tədrisi təkcə pedaqoji məsələ deyil:
"Dini təhsil həm də milli kimliklə bağlı məsələdir. Dövlətin dini təhsilə sahib çıxması və dəstək olması da çox önəmlidir".
Foto: Vüqar Xanlarov