Bakının Yeni Günəşli qəsəbəsində yerləşən Fatimeyi-Zəhra məscidinin dini icması açıqlama yayıb.
"Report" xəbər verir ki, açıqlamada deyilir:
"Bildiyiniz kimi, Fatimeyi-Zəhra (s.ə) məscidinin dini icması həmişə şəffaf idarəçilik aparmağa çalışıb. Məscidin fəaliyyəti və tikinti işləri ilə əlaqədar məsələləri həmişə ictimaiyyətlə bölüşüb. Bu dəfə də bu ənənəyə sadiq qalıb sizləri məlumatlandırmaq və yaranacaq suallara aydınlıq gətirmək fikrindəyik.
Hamıya məlum olduğu kimi, Fatimeyi-Zəhra (s.ə) məscidinin tikintisi neçə illərdir yarımçıq qalmışdır. Tikintinin davam etdirilməsi üçün müraciət ünvanlandı. Olunmuş müraciət əsasında məscidin tikintisini davam etmək üçün bəzi yoxlamalar aparılsa da tikintinin davam etməsi FHN-nin mütəxəsisləri tərəfindən mümkün olmayacağı və bu məscidin yerinə öz ərazisində yeni gözəl bir məscid tikilməsinin məqsədə uyğun olduğu bildirilmişdir.
Fatimeyi-Zəhra (s.ə) məscidi qəsəbədə yeganə məscid olduğu üçün məscidin tikintidən əvvəl söküləcəyi təqdirdə qəsəbə sakinlərinin ibadət etməyə yerlərinin olmayacağını bildirib əvvəl yeni məscidin tikilib sonra söküntü işlərinin aparılmasını xahiş etdik.
Xahişimizi nəzərə alıb məscidin ərazisində iş gedəcək hissəni təhlükəsizlik çəpəri ilə hasarlayıb yeni məscidin tikintisinə start verilib. Tikinti zamanı məscidin icmasının da istəkləri də nəzərə alınmaqla müasir standartlara uyğun və həmçinin tarixi memarlıq üslubunda 900 kvadratmetr sahəni əhatə edən 2 minarəli məscid inşa olunub. Məsciddə zirzəmi hissəsi, həmçinin 2-ci mərtəbə eyvan hissəsi olmaqla eyni zamanda 2000 nəfərin ibadəti üçün şərait yaradılıb. Hazırda məscidin içərisində olan dini rəmzlərin və həyətinin yəni 1.3 hektar ərazinin abadlaşdırılması prosesi gedir.
Hazırda iş bir yerə yetişib ki, məscidin qalan həyətinin də abadlaşmasından ötrü (qalan hissəsində məscid güşəsi və ibadətə gələnlərin maşın saxlaması üçün şərait yaradılır) əvvəlki məscidin sökülməsi və o yerin də abadlaşması lazımdır.
Bu hissədə diqqətinizə bir mühüm məqamı çatdıraq ki, dünyanın bir çox ölkələrində quruculuqda, abadlıqda əvvəlki tikintidən yeni tikintiyə köçürülməsi baş verir, burada da söhbət məscidin sökülməsindən yox əvvəlki tikilmiş məscidin 5 metirlik məsafəsində yeni tikilmiş məscidə köçürülməsindən gedir. Bu prosesdə ən çox verilən suallara da aydınlıq gətirək ki, məscidin adında, ərazisində, icmasında və axundunda heç bir dəyişiklik olmayacaq. Məscidin tikintisi başa çatdıqdan sonra da əvvəlki heyətimizlə sizlərin xidmətində olacağıq İnşallah".