Bakı. 12 sentyabr. REPORT.AZ/ Həcc ziyarətində olan azərbaycanlı zəvvarlar vacib əməlləri yerinə yetirərək hacı olublar.
Bu barədə "Report"a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü hacı Həmdulla Babayev məlumat verib.
O bildirib ki, azərbaycanlı zəvvar qrupları Minada həcc əməllərini yerinə yetirib, böyük və kiçik şeytanları daşlayıblar: "Zəvvarlar Minada əməlləri yerinə yetirdikdən sonra qrup-qrup qurbangaha gəliblər, qurbanlarını kəsərək ehramdan çıxıblar. Minada zəvvarlar üçün çox yaxşı şərait yaradılıb. Hazırda havanın temperaturu 45-46 dərəcədir. Zəvvarların sağlamlıq durumları normaldır, ciddi problemləri yoxdur".
Onun sözlərinə görə, Azərbaycanın zəvvar qrupu ilə 4 təcrübəli həkimdən ibarət briqada gedib ki, onlardan 1-i qadındır.
H.Babayev onu da bildirib ki, hacılar sentyabrın 13-ü və 14-ü tarixlərində də şeytanı daşlayacaqlar, sentyabrın 14-də Kəbədə həcc namazı qılınacaq: "Bütün azərbaycanlı hacılar adından Azərbaycan xalqını qurban bayramı münasibətilə təbrik edirik".