Paris. 20 iyun. REPORT.AZ/ Parisin Dofin sarayında Azərbaycanın YUNESKO yanında nümayəndəliyi tərəfindən Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olunub.
"Report"un Fransa bürosu xəbər verir ki, mərasimdə nümayəndəliyin rəhbəri Anar Kərimov, Azərbaycanın Rusiyadakı səfiri və YUNESKO-nun baş direktoru vəzifəsinə namizəd Polad Bülbüloğlu, Fransadakı səfir Elçin Əmirbəyov, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, eləcə də, xarici ölkələrin Fransada və YUNESKO yanında akkreditə olunmuş nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Anar Kərimov Ramazan ayının ilk öncə sülh, tolerantlıq və həmrəylik ayı olduğunu bildirib. O, Azərbaycanda tarix boyu müxtəlif etnik və dini icmalara məxsus insanların sülh və qardaşlıq şəraitində yaşadıqlarını diqqətə çatdırıb:
"Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın Şərqlə Qərbin qovşağında yerləşməsidir. Azərbaycan dövləti, müxtəlif dinə mənsub olan vətəndaşlarının dini hüquqlarını qoruyur və 2014-cü ildə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dinlər arasında dialoqun inkişafına xidmət edir".
Polad Bülbüloğlu çıxışında bildirib ki, Ramazan ayında insanlar bir-birləri ilə dostluq şəraitində yaşamalıdırlar: "Bu ay həmrəylik və dialoq ayıdır".
Səfir YUNESKO-nun tolerantlıq və multikulturalizm dəyərlərinə böyük diqqət yetirdiyini və bu sahədə Azərbaycanın böyük təcrübəyə malik olduğunu söyləyib:
"Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu bir məkan, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır".
Mərasimdə çıxış edən fransalı və digər ölkələrdən olan qonaqlar Azərbaycanın qardaşlıq, həmrəylik və tolerantlıq kimi dəyərlərə sadiq bir ölkə olduğunu söyləyib, bu gözəl təşəbbüsə görə tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər.