Azərbaycandakı dini konfessiyalar seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar

Azərbaycandakı dini konfessiyalar seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar Azərbaycandakı dini konfessiyalar fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı müraciət yayaraq seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar
Din
18 Yanvar , 2024 12:39
Azərbaycandakı dini konfessiyalar seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar

Azərbaycandakı dini konfessiyalar fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı müraciət yayaraq seçiciləri İlham Əliyevə səs verməyə çağırıblar.

"Report"un məlumatına görə, müraciətdə seçkilərin müstəqillik tarixində Azərbaycan ərazisində keçiriləcək ilk seçki olaraq xüsusi önəm, tarixi dəyər kəsb etdiyi bildirilib: "Xalqımıza hamılıqla növbəti seçkilərə qatılmaq və müstəqil iradə ortaya qoymaq fürsəti verilib. Azərbaycanın ən yeni tarixinin memarı, qalib sərkərdə, ölkəmizi uzun sürən işğal və separatizm bəlasından xilas edən müzəffər Ali Baş Komandanımız hər bir azərbaycanlının sonsuz məhəbbət, dərin etimad və minnətdarlıq borcunu haqq edib. İlham Əliyev Qarabağın xilaskarı olaraq öz adını Azərbaycan tarixinə əbədi həkk edib. Bu gün qürur ünvanımız Şuşanın, şərəf məkanımız Xankəndinin azad edilməsinə, nisgilli Xocalının Vətənə qovuşmasına görə hər bir azərbaycanlının qəlbində özəl bir iftixar və minnətdarlıq borcu var".

Qeyd olunub ki, din dünyəvi dövlətdə siyasətdən ayrı olsa da, dindar şəxs ölkəsinin vətəndaşı kimi taleyüklü məsələlərdə yaxından iştirak etməli, əsl vətəndaş fəallığı göstərməli, düzgün seçim edərək öz səsini ən layiqli namizədə verməlidir: "Ölkəmizin ərazi bütövlüyünü bərpa edən, Qarabağ probleminə son qoyan, milli dəyərlərimizə və mənəvi irsimizə sahib çıxan, Birinci və İkinci Qarabağ müharibələrinin, 20 Yanvar və Xocalı şəhidlərinin qanını yerdə qoymayan, düşmən üzərində möhtəşəm tarixi Zəfərlə onların müqəddəs ruhlarını sevindirən dəmir yumruqlu qalib sərkərdə, müdrik dövlət rəhbəri İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri göz önündədir. Hər birinizi Azərbaycanımız və xalqımız üçün önəmli mahiyyət daşıyan növbədənkənar prezident seçkilərində fəal iştiraka və gələcəyimiz naminə doğru seçim etməyə, ən layiqli namizəd - dövlət başçımız İlham Əliyevə səs verməyə çağırırıq".

Müraciəti Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.

Son xəbərlər

Orphus sistemi