Vicdanın səsi və görüntüsü
1993-cü ildə Afrikada hökm sürən aclıq dünya mediasını bir foto ilə zəbt etməyə, az qala dünyanı yerindən silkələməyə başlayır. Aclıqla üzləşən insanların yaşam tərzini, onların taleyini və ümumilikdə ölkədə aclığı göstərmək üçün təsadüf nəticəsində lentə alınan foto qısa müddət ərzində hər kəsin içindəki vicdan səsinin ucalmasına səbəb olur. Müdrik kəlamlarda deyildiyi kimi, ən qulaqbatırıcı səs acı çəkən bir məzlumun susqunluğudur.
1993-cü ildə cənubi afrikalı fotojurnalist Kevin Karterin qarşısına işlədiyi redaksiya tərəfindən məsuliyyətli bir tapşırıq qoyulur: O, Afrikada hökm sürən səfaləti ən mükəmməl formada çəkməli və fotolar Afrika həqiqətlərini dünyaya çatdırmalı idi.
Karter bu məqsədlə Sudana gedir və aclıqla üzləşən afrikalıların həyat tərzini, üzləşdikləri çətinlikləri, zülm və zəlaləti lentə almağa başlayır. Fotoqraf, təsadüfən, sürünərək ərzaq düşərgəsinə getməyə çalışan bir uşağın yerdə uzandığını görür.
Ondan bir neçə metr aralıda isə yırtıcı quzğunun dayanaraq bir tikə çörəyə görə ərzaq düşərgəsinə doğru sürünməyə çalışan uşağı ovlamaq üçün fürsət gözlədiyini müşahidə edir.
Ona tapşırılan məsuliyyətli işi layiqincə yerinə yetirməyi özünə vəzifə borcu bilən fotojurnalist Kevin Karter isə Afrikadakı aclıq və səfaləti özündə əks etdirən və dünyaya səs salan məşhur fotonu lentə alır. Məzlumluğu hayqıran bu şəkil “New York Times” jurnalında “Sudanda aclıq” başlığı ilə dərc olunur.
Amma bir müddət sonra Kevin Karter tənqidlərə və mənəvi-psixoloji təzyiqlərə məruz qalır. Fotojurnalisti uşağı xilas etmək əvəzinə, şəkil çəkdiyinə görə ittiham edirlər. Sonradan uşağın taleyi ilə bağlı hər şey müəmmalı olsa da, foto Karterə “Pulitzer” mükafatı gətirir.
Üstündən bir müddət keçsə də, daxilində baş-başa qaldığı vicdanı Karterə əziyyət verməyə başlayır. Karter intihar edərək həyatına son qoyur. Hətta deyilənə görə, Karterin intiharına səbəb məhz həmin hadisənin təsiri olub. Bəlkə də, içində həbs etdiyi vicdan Karteri qətlə yetirib.
Azərbaycanda vicdan azadlığı
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün istiqamətlərdə olduğu kimi dini sahədə də müsbət irəliləyişlərə nail olunub. Sovet dönəmində qapıları qapadılan və yaxud da müxtəlif məqsədlərlə istifadə edilən məscid və ziyarətgahlar məhz müstəqillikdən sonra inanclı insanların ixtiyarına verilib. Vaxtilə dini ayinlərin icrasının qadağan olunduğu günlər artıq keçmişdə qalıb.
Bu gün isə ölkəmizdə mövcud olan məscid, kilsə, sinaqoq və digər ibadət yerlərinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Həmçinin ehtiyac olduğu təqdirdə ibadətgahlar təmir edilir və yaxud da yeni ibadət yerləri inşa edilir.
Ümumiyyətlə, ölkəmizdə dini məbədlərin həm inşa, həm bərpa, həm də qorunub saxlanılmasına dövlət tərəfindən xüsusi diqqət göstərilir. Təbii ki, bu diqqət ulu öndər Heydər Əliyevin yürütdüyü siyasətin prioritetlərindən biri olub. Göründüyü kimi, bu siyasət bu gün də məhz Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Müşahidələrimizə əsasən deyə bilərik ki, bu gün Azərbaycanda dini məkanların inşasına, bərpa və yenidən qurulmasına xüsusi həssaslıqla yanaşılır. Bu işdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu isə danılmazdır. Məhz Fondun təşəbbüsü və maliyyə dəstəyi ilə Azərbaycanda çoxlu sayda ibadət evi inşa və yaxud da təmir edilib. Bu işlər bu gün də davam etməkdədir. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhərağa məscidi, Saatlı məscidi, Ağdamda Cümə məscidinin təmiri, bundan əlavə işğaldan azad olunan ərazilərdə yeni məscidlərin inşası ölkəmizdə dini sahəyə ayrılan diqqətin bariz nümunəsidir.
Azərbaycanda məscidlərin inşası ilə bağlı Prezident nəzarəti
Məlum olduğu kimi, vaxtilə Şuşada 17 məscid olub. Amma ermənilər onların hamısını dağıdıb. Bu gün yalnız üç məscid yarıdağıdılmış, baxımsız vəziyyətdə qalıb. Onların da təmir və bərpası işləri artıq sürətlə davam etdirilir.
Bundan əlavə, ötən ilin mayın 12-də Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub. Məscidin dizaynı ilə bağlı şəxsən Prezidentin göstəriş verməsi isə bir daha dövlətin dini sahəyə ayırdığı diqqətin əsas göstəricisidir.
Dövlət başçısı yeni tikiləcək məscidin memarlığının necə olması ilə bağlı bir neçə ay fikirləşirdiyini bildirib: “Nəhayət, bir fikir ağlıma gəldi ki, bu məscid, bunun memarlığı rəmzi xarakter daşımalıdır. Ona görə təklif etdim ki, məscidin forması 8 rəqəmini əks etdirməlidir. Çünki noyabrın 8-də biz Şuşanı işğalçılardan azad etdik və 8 noyabr Azərbaycanda artıq rəsmi olaraq Zəfər Günüdür. Məscidin iki minarəsi 11 rəqəmini əks etdirməlidir. Onbirinci ayda Şuşa və Qarabağ tam işğaldan azad edildi. Bu fikirlər əsasında memarlar işləməyə başlamışlar”.
Məlumat üçün bildirək ki, sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərib. Amma bu gün ölkəmizdə məscidlərin sayı 2 253-dür. Eyni zamanda ölkəmizdə 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.
Azərbaycanda multikultural dəyərlər
Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində deyildiyi kimi, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
Azərbaycan bir çox dinin nümayəndələrinin birgə yaşadığı məkandır. Baxmayaraq ki, ölkə əhalisinin əksər hissəsini müsəlmanlar təşkil edir, bununla yanaşı digər dinin nümayəndələri də bərabərhüquqlu şəkildə yaşayırlar. Artıq din-dövlət münasibətləri istiqamətində Azərbaycan modeli yaradılıb. Eyni zamanda bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda bütün dinlərin daşıyıcıları mehriban şəraitdə yaşayırlar. Bəzi məscidlərdə məzhəb ayrıseçkiliyi etmədən müsəlmanların birgə ibadət etməsi də vəhdət və birliyin bariz nümunəsidir. Təbii ki, bütün bunlara dövlətimizin yürütdüyü daxili siyasət nəticəsində, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq şəraitin yaradılması nəticəsində nail olunub.
Bir sözlə, Azərbaycan vicdan azadlığı, dini etiqad azadlığı ilə bağlı dünyaya nümunə olacaq bir ölkədir. Bu gün Azərbaycanda bütün dini ayinlər, ibadətlər və mərasimlər sərbəst şəkildə heç bir maneə olmadan icra edilir.
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Vicdan azadlığı və media” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.