Azərbaycanda dövlət-din münasibətləri
Azərbaycan dinindən, irqindən, milliyətindən asılı olmayaraq hər bir şəxsin bərabər hüquqlu, dinc şəkildə və birgə yaşadığı bir məkandır. Multikultural dəyərlərə sahib olan ölkəmizin hər yerində bütün dinlərin daşıyıcıları mehriban və firavan şəraitdə yaşayırlar. Təbii ki, bütün bunlar yürüdülmüş uğurlu siyasətin nəticəsindən irəli gəlir. Əgər biz bu gün bəzi ölkələrə nəzər yetirsək, orada dini ədavətin, dinlərarası münaqişələrin və ya hər hansı müxtəlif din daşıyıcıları arasında qeyri-normal münasibətlərin olduğunu müşahidə edə bilərik.
Dünyəvi dövlətin ərazisində yaşayan müasir və demokratik cəmiyyətlərdə dinlə dinc şəkildə birgə yaşayış modelinin qurulması əsas şərtlərdən biridir. Azərbaycan müstəqillik qazandıqdan sonra bu modelin qurulması zərurəti qaçılmaz idi. Elə buna görə də ulu öndər Heydər Əliyev tərəfindən bu modelin qurulmasına nail olunub. Əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu müasir Azərbaycanda bu gün müxtəlif dinlərə etiqad bəsləyən vətəndaşlarımız yanaşı və sülh içində yaşayırlar.
Azərbaycanın din tarixinin tənəzzül dövrü və özünəqayıdış
Müstəqillikdən əvvəlki dövrdə, yəni Sovet dönəmində Azərbaycanın din tarixinin ən ağır günlərini yaşadığı hər kəsə bəllidir. Həmin dövrdə insanların təkcə dindən uzaqlaşdırılmasına deyil, həm də milli-mənəvi dəyərlərin aradan qaldırılmasına yönəlmiş sərt addımlar atılırdı. Ona görə də məscidlərin dağıdıldığı, din xadimlərinin həbs edildiyi bu dönəmi hətta din tarixinin tənəzzül dövrü də adlandırmaq olar.
Amma buna baxmayaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra din sahəsində canlanmalar müşahidə olundu. Xüsusən, bu canlanma ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daha da artmağa başladı. Çünki Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində və möhkəmlənməsində ümummilli liderin böyük xidmətləri olub. Məhz onun təşəbbüsü ilə yaradılan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çərçivəsində ölkədə dövlət-din münasibətlərinin formalaşmasında, möhkəmlənməsində və inkişafında nailiyyətlər əldə olunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini münasibətlərin formalaşmasında rolu
Təbii ki, cəmiyyətimizdə dinlərarası mədəniyyətin, eləcə də müxtəlif dinlərin daşıyıcıları arasında münasibətlərin formalaşmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin böyük rolu olub. Çünki məhz Dövlət Komitəsinin əsas fəaliyyət istiqaməti elə dini etiqad azadlığının həyata keçirilməsi üçün münasib şəraitin yaradılmasından ibarətdir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan tarixən kənar təzyiqlərə və təsirlərə məruz qalan bir ölkə olub. Amma buna baxmayaraq, yadellilərin mütəmadi olaraq həyata keçirdiyi həm mənəvi, həm fiziki, həm də siyasi hücumlarını dəf edən Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət-din siyasətinin formalaşmasında böyük nailiyyətlər əldə edib. Təbii ki, bu nailiyyətlərin qazanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz ulu öndərin 20 il əvvəl yaratdığı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri dövlət-din münasibətlərinin inkişaf etdirilməsi idi.
Geridə qoyduğumuz 20 illik zaman çərçivəsində bu istiqamətdə həyata keçirilən işlər isə göz önündədir. Məhz bu müddət ərzində ölkəmizdə multikultural dəyərlərin qorunması, tolerant münasibətlərin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq həyata keçirilən sosial layihələr və maarifləndirici tədbirlər nəticəsində bu gün dini radikalizm və ekstremizm hallarının qarşısı demək olar ki, tamamilə alınıb. Uğurlu nailiyyətlərdən biri də odur ki, radikalizmin qarşısı zor gücünə və qol gücünə deyil, məhz ağıl gücünə alınır. Elə buna görə də cəmiyyətimizdə yürüdülən din siyasəti etnik mənsubiyyətindən, dini baxışından və adət-ənənələrindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün vətəndaşlar tərəfindən daima dəstəklənib. Bununla da Azərbaycan digər sahələrdə olduğu kimi, dövlət-din münasibətləri sahəsində də qazandığı uğurlarla dünyada nümunəvi ölkələrdən birinə çevrilib.
Azərbaycanda bu sahəyə ayrılan diqqət və qayğı
Çoxmillətli və çoxdinli ölkə olan Azərbaycanda həmişə müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması təmin edilib. Qarşılıqlı etimada və hörmətə əsaslandığı üçün bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində milli və ya dini zəmində ayrı-seçkilik mövcud deyil.
Təməlini Heydər Əliyevin qoyduğu dövlət-din münasibətləri bu gün də uğurla davam etdirilir. Müstəqillikdən sonra ölkəmizdə xalqımızın mənəvi sərvətləri olan dini ibadətgahların, məscidlərin, kilsələrin və digər dini ayinlərin icra olunduğu məkanların təmirinə və bərpasına xüsusi diqqət ayrılıb. Bu gün Azərbaycanda yeni-yeni dini ibadətgahların tikintisi də bu münasibətlərin bariz nümunəsidir. Məhz dövlətin diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə yüzlərlə məscid, kilsə, sinaqoq, məbəd və digər ibadətgahlar tikilib və yaxud təmir olunub. Hazırda işğaldan azad edilmiş ərazilərdə reallaşan quruculuq işləri çərivəsində oradakı dini ibadətgahların təmiri, bərpası və yenidənqurulmasının həyata keçirilməsinə başlanılıb. Artıq düşmən işğalından azad edilən ərazilərdəki xristian məbədlərinə onların əsl sahibləri olan alban-udilər qayıdıb.
Dövlətin göstərdiyi diqqət və qayğı Azərbaycanda bu günədək qeydiyyata alınan 970 dini qurumun hamısını əhatə edir. Məlumat üçün bildirək ki, konfessional baxımdan dini qurumlardan 933-ü İslam, 37-si isə qeyri-islam (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir və 748 pir və ziyarətgah mövcuddur.
Rəsmi məlumatlara əsasən, işğaldan azad olunmuş ərazilərimizdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. İşğaldan azad olunmuş ərazilərimizdəki 67 məsciddən (Şuşada 18, Ağdamda 5, Füzulidə 19, Zəngilanda 6, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 3, Kəlbəcərdə 2, Xocavənddə 1) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb. Naxçıvan Muxtar Respublikasında 213 məscid, 25 pir və ziyarətgah fəaliyyət göstərir. Qeydiyyatdan keçmiş dini icmaların sayı 17-dir.
Mehriban şəraitdə birgəyaşayış
Hər kəsə məlumdur ki, Azərbaycan tarixən çoxmillətli, tolerant və ayrı-ayrı dinlərin nümayəndələrinin sülh şəraitində, dinc və yanaşı yaşayıb fəaliyyət göstərdiyi bir ərazi olub. Tarix boyu bu məkanda istər islam, istər xristian, istərsə də yəhudi icmasının nümayəndələri mehriban şəraitdə yaşayıblar. Bu birgə yaşayışı və mehribanlığı bu gün də görmək mümkündür. Məhz bu zəngin ənənənin qorunub saxlanılması dövlət-din münasibətlərinin yüksələn xətlə inkişafına təkan verir. Bu həm də cəmiyyətin inkişafına stimul verən amillərdən biridir.
Bu gün Azərbaycanda müxtəlif sahələrdə olduğu kimi dini münasibətlər istiqamətində də xeyli irəliləyiş və inkişaf mövcuddur. Bu inkişafı ölkəmizin bir çox dini ibadət yerlərində tam vəhdət şəklində görmək mümkündür. Eyni zamanda, biz bu vəhdətin 2020-ci ilin sentyabrın 27-dən başlanan qırx dörd günlük Vətən müharibəsində də şahidi olduq. Müxtəlif dinlərə etiqad bəsləyən yüz minlərlə vətəndaşın Vətəni olduğu Azərbaycanın haqq savaşında düşmənə qarşı vuruşması və torpaqların işğaldan azad olunması üçün könüllü olaraq döyüşlərə qatılması bunun bariz nümunəsidir. Birinci Qarabağ müharibəsində yəhudi əsilli, şəhid Albert Aqarunovun göstərdiyi şücaət və fədakarlıq onu ölkəmizdə yaşayan bütün xalqların Milli Qəhrəmanına çevirdi. İkinci Qarabağ müharibəsində canını bu Vətənin torpaqlarının azadlığı uğrunda qurban verən rus əsilli Denis Aleksandr oğlu Əliyev (Denis Aleksandroviç Pronin) də bu xalqın və bu cəmiyyətin övladlarındandır.
Mirsəid Bayramov
Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 20 illiyi münasibətilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.