Media və dini təhlükəsizlik mövzusu hələ də aktuallığını saxlamaqdadır. Dünyada baş verən terror hadisələri, radikal dini qruplaşmaların siyasi-ictimai məsələlərə müdaxiləsi və bunun adətən mənfi nəticələrə gətirib çıxarması din pərdəsi altında fəaliyyət göstərənlərlə ehtiyatlı davranmağı, ayıq olmağı tələb edir. Hesab edirəm ki, milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər.
Xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında medianın rolu
Azərbaycan çoxkonfessiyalı ölkədir və burada ayrı-ayrı dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Ona görə də respublikamızda mövcud olan bu sağlam mühitin təbliğində medianın rolu böyükdür. Fikrimcə, dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. İdeoloji sahədə yaranmış bütün problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər.
Bəzən rəsmi məlumatlardan da görürük ki, bəzi radikal, məzhəbçi dini qruplar sosial şəbəkələr, internet vasitəsilə öz təbliğatlarını davam etdirməyə çalışırlar. Dini dözümsüzlük isə əsasən xaricdən idarə olunan dini saytlar, xəbər portalları tərəfindən nümayiş etdirilir. Bu isə onu deməyə əsas verir ki, həmin dini qruplar Azərbaycanda medianın dini məsələlərə sağlam yanaşmasını gördükləri üçün buna alternativ kimi xaricdən idarə olunan media formalaşdırmağa çalışırlar. Bu cür xəbər portallarına qarşı isə dövlət qurumları tərəfindən ciddi mübarizə aparılır. Ancaq dövlət qurumları ilə yanaşı, xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında media nümayəndələrinin fəaliyyəti önəmlidir.
Azərbaycan dünyada multikulturalizm və dini tolerantlıq mərkəzi kimi
Azərbaycan mətbuatı tarixən dini xurafata qarşı mübarizə aparıb. Hesab edirəm ki, dinlə bağlı yazılar, reportajlar hazırlayan media nümayəndələri Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər. Bunları bilməsək, dinlər arasında münasibətləri düzgün formalaşdıra bilmərik. Biz Azərbaycanda dinin coğrafiyasını və dini prosesləri dərindən bilməliyik ki, yarana biləcək problemlərin qarşısını alaq.
Bu gün Azərbaycan dünyada bəlkə də yeganə ölkədir ki, burada bütün dinlərə, əqidələrə hörmətlə yanaşılır. Ölkəmizdə tarix boyu hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Onu da qeyd edim ki, bu gün Azərbaycanda dinlərarası və millətlərarası münasibətlərin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin apardığı uğurlu və uzaqgörən siyasət Azərbaycanın multikulturalizm və dini tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb.
“Yad təsirlərə məruz qalmış təbliğat aparmaq qadağandır”
Bir məsələni də qeyd edim ki, ölkəmizdə yad təsirlərə məruz qalmış təbliğat aparmaq qanunvericiliklə də qadağandır. “Media haqqında” Qanuna nəzər yetirdikdə görürük ki, sivil şəkildə bütün dini əqidələrə, vicdan azadlığına böyük hörmət və ciddi yanaşma ortaya qoyulur. Belə ki, “Media haqqında” Qanunun 14-cü maddəsinin 14.1.4-cü bəndində qeyd edilib ki, irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir. Bundan başqa Qanunun 14.1.5 bəndində göstərilib ki, terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir.
“Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir”
Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. Ölkəmizdə millətlərarası münasibətlərin inkişafı istiqamətində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Azərbaycanın multikulturalizm və dini tolerantlıq mərkəzi kimi dünyada şöhrət qazanmasına şərait yaradıb. Təsadüfi deyil ki, Vətən müharibəsi zamanı Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşmişdilər. Bir xalqın, bir millətin öz haqq savaşı uğrunda "dəmir yumruq" kimi düşmənə qarşı birləşməsi nəticədə qələbəmizin təminində əhəmiyyətli rol oynadı. Hər zaman qürurla səsləndirdiyimiz çoxmillətli ölkə olmağımız bir daha əyani şəkildə özünü sübut etdi. Beləliklə, Azərbaycan təcrübəsi əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bu baxımdan Azərbaycan həm Avropa ölkələrinə, həm də İslam ölkələrinə də bir nümunədir. Bu gün Azərbaycan mediası da dinlərə, xalqlara münasibətdə yüksək tolerantlıq sərgiləməkdədir. Mübaliğəsiz demək olar ki, Azərbaycan din və media arasında sağlam, konstruktiv münasibətlərin olduğu nadir ölkələrdəndir.
Qeyd: Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Media və dini təhlükəsizlik” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.