Avropada Ayasofya kimi kilsədən məscidə çevrilən ibadətxana - REPORTAJ

Avropada Ayasofya kimi kilsədən məscidə çevrilən ibadətxana - REPORTAJ Macarıstan uzun müddət Osmanlının tərkibində olsa da, macarlar güclü katolik kimliyinə sahib olan bir millətdirlər. Buna görə də paytaxt Budapeşti gəzərkən dizaynı ilə göz qamaşdıran çoxlu sayda kilsələrə rastlamaq mümkündür. Onlardan biri də unikal görün
Din
8 İyul , 2023 13:41
Avropada Ayasofya kimi kilsədən məscidə çevrilən ibadətxana - REPORTAJ

Macarıstan uzun müddət Osmanlının tərkibində olsa da, macarlar güclü katolik kimliyinə sahib olan bir millətdirlər. Buna görə də paytaxt Budapeşti gəzərkən dizaynı ilə göz qamaşdıran çoxlu sayda kilsələrə rastlamaq mümkündür. Onlardan biri də unikal görüntüsü ilə seçilən Balıqçı qalasına, ümumilikdə isə ən çox ziyarət edilən məkanlardan olan Buda Qala kompleksinə gözəllik qatan məşhur Matyaş kilsəsidir. Təməli XI əsrdə atılmış və Roman üslubunda inşa edilmiş bu memarlıq incisi o dövrdən ibadət məkanı kimi istifadə olunub. Lakin XIII əsrdə monqollar kilsəni tamamilə darmadağın etdiklərinə görə hazırkı bina XIII əsrdə qotik memarlıq üslubunda ucaldılıb. Müxtəlif dövrlərdə isə onun görüntüsündə müəyyən dəyişikliklər edilib və interyerinə barokko elementləri də əlavə edilib.

Macarıstanın qüdrətli kralı Matyaş Korvinusun adını daşıyan kilsə tarixən Korvinus da daxil olmaqla bir sıra kralların tacqoyma mərasimlərinin keçirildiyi məkan olub. Hətta həmin xüsusiyyətinə görə bir digər adı Buda Tacqoyma kilsəsidir. Ancaq kilsənin “Məryəm kilsəsi” və “Xanımımızın kilsəsi” kimi digər məşhur adları da var. Korvinusun tacqoyma mərasimi ilə bağlı xüsusi olaraq onu qeyd etməliyəm ki, bu təntənəli tədbir digərlərindən bir qədər fərqlənib. Çünki Korvinus taxta çıxdığı vaxt Macarıstanın Müqəddəs Tacı ölkədə olmayıb və “tacsız tacqoyma” mərasimi keçirilib. Bundan başqa, Korvinusun iki toyu da burada təşkil edilib və hazırda Gəlin qapısı adlanan cənub qapısı məhz həmin toyları simvolizə edir. Kilsənin Matyaş kilsəsi kimi məşhurlaşma səbəbi isə kral Korvinusun (1458-1490) dövründə onun təmirinə xüsusi diqqətin göstərilməsi, cənub-qərb zəng qülləsinin tikilməsi və ümumi strukturuna bir sıra mühüm əlavələrin edilməsidir.

Budanın ikinci ən böyük kilsəsi olan Matyaşın ən gözoxşayan hissəsi Zsolnay plitələri ilə bəzədilmiş rəngarəng və mürəkkəb dizaynlı damıdır, bu dam sizə ilk görüşdə Vyanadakı Müqəddəs Ştefan kafedralının dam örtüyünü xatırladacaq. Budapeştdə belə füsunkar dam örtüklərinə bir neçə binada rastlaşmaq mümkündür. Kilsənin fasadı tarixi şəxsiyyətləri və dini səhnələri əks etdirən naxışlar və heykəllərlə bəzədilib. İnteryerdəki gözəl vitraj pəncərələr, heyrətamiz freskalara və fərqli mehrab turistlər üçün maraqlı detallar arasındadır. Kilsə barədə digər bir diqqətəlayiq məqam 16-17-ci əsrlərdə Budapeştin Osmanlı tərəfindən işğalı zamanı onun Böyük Süleyman Xan məscidi kimi fəaliyyət göstərməsidir. Belə ki, həmin dövrdə kilsənin kilsə elementləri sökülür və yerinə minarələr ucaldılır. Bu məlumat adama dünyanın ən məşhur kilsələrindən olmuş, Roma tarixinin qüdrətini özündə yaşadan Ayasofyanın məscid kimi istifadəyə verilməsini xatırladır. Ancaq Ayasofyadan fərqli olaraq Matyaş bu gün ilkin mahiyyətini qoruyur. Hazırda bu kilsə aktiv ibadət yeridir və ziyarətə açıqdır.

Burada yerləşən digər bir turistik kilsə bakirə Məryəmin anası və İsa Məsihin nənəsi olan Müqəddəs Annaya həsr edilmiş Müqəddəs Anna kilsəsidir. 1740-1761-ci illər arasında inşa edilmiş kilsə zərif fasadı və interyeri ilə barokko memarlıq nümunəsidir. Onun yerində ilk kilsə 1390-cı ildə tikilib, lakin Macarıstan Osmanlı hakimiyyətində olduğu dövrdə bir sıra kilsələr kimi o da dağıdılıb. Hazırkı kilsə isə yuxarıda da qeyd etdiyim kimi XVIII əsrə söykənir. 1950-ci ildə yeraltı metro şəbəkəsinin tikintisi zamanı aparılan qazıntı işləri ilə əlaqədar kilsə sökülmə təhlükəsi ilə üzləşib, lakin 1954-cü ildə plandan imtina edildiyi üçün təhlükə sovuşub. Müqəddəs Anna kilsəsinin çöldən görüntüsünü 55 metr hündürlüyündə olan iki qülləsi zənginləşdirir. Onun əsas qapısı İnam, Ümid və Sevgi heykəlləri ilə bəzədilib. Əsas fasadın yuxarı hissəsində isə iki tərəfdə ibadət edən mələklər və onların ortasında Tanrının gözü canlandırılıb. Bu element, o cümlədən daxili hissəsindəki gözəl freskalar, mürəkkəb oymalar və bəzəkli mehrabı kilsəni xüsusilə cazibədar edir.

Budapeştdə barokko üslubunda tikilmiş tarixi katolik kilsələrindən biri də Müqəddəs Yekaterina kilsəsidir. Taban məhəlləsində yerləşən kilsə xristianlığın böyük şəhidi İsgəndəriyyəli Müqəddəs Yekaterinaya həsr olunub. XVII-XVIII əsrdə ucaldılmış kilsənin daxili hissəsi rəsmlər, heykəllər və vitraj pəncərələri də daxil olmaqla mükəmməl sənət əsərləri ilə bəzədilib. Mehrabında mürəkkəb oymalara yer verilib. Fasadın əsas dekorativ elementləri 1881-ci ildə qoyulmuş üç heykəli olan taxçalardır.

Osmanlı hakimiyyəti dövründə Matyaş kilsəsi kimi məscidə çevrilən kilsə isə Müqəddəs Məryəm kilsəsidir. Elizabet körpüsünün düz yanında yerləşən bu kilsə Budapeştin daxili şəhər kilsəsi hesab olunur. Kilsə ilk dəfə XI əsrdə Roman üslubunda inşa olunub və 1046-cı ildə Müqəddəs Geller orada dəfn edilib. XIV əsrdə isə qotik memarlıq üslubunda rekonstruksiyası həyata keçirilib. Lakin XVIII əsrin birinci rübündə yanğın səbəbindən sıradan çıxıb və bir müddət sonra barokko üslubunda bərpa edilib. Macar mədəniyyətinin və siyasətinin bir sıra görkəmli təmsilçilərinin qəbri bu kilsədə qorunur. İkinci Dünya Müharibəsi zamanı dağıdılan Elizabet körpüsü yenidən tikilərkən Macarıstan kommunist hökuməti kilsəni sökməyə çalışsa da, danışıqlar yolu ilə onu xilas etmək mümkün olub.

Budapeştin, mənə görə, ən heyrətamiz və simvolik kilsəsi isə Macarıstanın üçüncü ən böyük kilsəsi olan Müqəddəs Stefan bazilikasıdır. 1920-ci ildən sonra Papanın əmri ilə bazilika statusu qazanan bu kilsə ilk macar kralı I Stefanın şərəfinə adlandırılıb. Neklassik üslubda ucaldılmış bu kilsənin hündürlüyü 96 metrdir. Macarıstan Parlament binası ilə eyni hündürlükdə olan kilsə binası, ümumiyyətlə, şəhərin ən hündür iki binasından biridir. Parlament binası ilə eyni hündürlüyə sahib olması isə din və dövlət arasındakı tarazlığı simvolizə edir. Onun inşasına XIX əsrin ortaları, daha dəqiq desək, 1851-ci ildə başlansa da, proses 50 ildən çox davam edib və açılışı 1906-cı ildə baş tutub. Kilsəyə iki nəfər - Cozef Hild və Mikloş İbl memarlıq edib. İlkin layihəni Cozef Hild hazırlasa da, vəfat etdiyi üçün işin icrasını Mikloş İbl davam etdirib və o, inşası neklassik üslubda nəzərdə tutulan kilsəyə İntibah üslubu da əlavə edib. Bazilikaya fərqlilik qatan elementlərdən biri onun zəngləridir. Belə ki, onun beş zəngi sol, bir zəngi isə sağ qüllədə yerləşir. Sonuncu zəng Müqəddəs Stefan zəngi adlanır ki, bu zəng ildə cəmi iki dəfə - 20 avqustda və yeni il günü gecəyarısı çalınır. Bu zəngi digərlərindən fərqləndirən bir digər xüsusiyyət də onun çəkisi və diametridir - 252 santimetr diametr və 9 250 kiloqram çəkiyə sahibdir.

Bazilika təsviri sənət nümunələri ilə zəngindir. Əsas girişin foyesində siz Müqəddəs Stefanın heykəlini görə bilərsiniz. Bundan əlavə, interyerdə Tanrının, İsa Məsihin və müjdəçilərin təsvirinə yer verilib. Peştdə, Dunay çayı yaxınlığında yerləşən bu bazilikaya getmək olduqca rahatdır. Metro, avtobus, tramvay - bir sözlə, bütün ictimai nəqliyyat vasitələri ilə asanlıqla kilsəyə gedə bilərsiniz. Bu gün Müqəddəs Stefan bazilikası təkcə ibadət yeri kimi deyil, həm də müxtəlif mədəni tədbirlər və konsertlə üçün istifadə edilir. Bazilikanın müstəsna akustikası onu həm yerli, həm də beynəlxalq sənətçiləri cəlb edən klassik musiqi ifaları üçün məşhur məkana çevirir. Ümumilikdə, bazilikaya giriş pulsuzdur, lakin müşahidə göyərtəsinə daxil olmaq üçün ödəniş tələb oluna bilər. Çünki həmin müşahidə göyərtəsi sizə şəhərin panoramik görüntüsünü təqdim edir.

Son olaraq bildirim ki, Budapeştin ən yaddaqalan kilsələri yuxarda sadaladıqlarım olsa da, şəhəri kəşf etmək üçün vaxtı az olanların mütləq ziyarət etməli olduğu kilsələr məhz Matyaş kilsəsi və Müqəddəs Stefan bazilikasıdır

Son xəbərlər

Orphus sistemi