Bakı. 18 avqust. REPORT.AZ/ "Azərbaycanda müsəlmanlar, yəhudilər, xristianlar və digər dinlərin nümayəndələri həmişə dinc şəkildə birgə yaşayıb və ölkədə xüsusi dini və mədəni həyat yaradıblar".
Bunu "Report"a amerikalı politoloq Piter Teys (Peter Tase) ABŞ Dövlət Departamentinin dünya ölkələrində dini azadlıq haqqındakı hesabatını şərh edərkən deyib.
"Azərbaycanın coğrafi mövqeyi, tarixi inkişafı və insanlarının etnik müxtəlifliyi bu ölkəni müxtəlif dinlərin, mədəniyyətlərin birləşdiyi yerə çevirib. Azərbaycan dünyada yeganə ölkədir ki, sünnilər və şiələr bir yerdə dualarını edirlər. Bundan əlavə, Azərbaycanda ən qədim xristian icmalarından biri yaşayır", - P.Teys bildirib.
Hesabatın Dağlıq Qarabağdakı dindarların hüquqlarının vəziyyəti barədə vəziyyətin qeyd olunduğu bəndini şərh edən amerika politoloq ABŞ Dövlət Departamentinin bu regionun və onun ətrafındakı 7 rayonun Azərbaycanın suveren ərazisi olduğunu, Ermənistan silahlı qüvvələrinin isə oranı işğal etdiyini vurğulamalı olduğunu bildirib: "Ermənistan hökuməti onillərdir Azərbaycanın dini, mədəni və arxeoloji abidələrin dağıdılması üzrə kampaniya aparır. Dünya ictimaiyyəti bilməlidir ki, bunun qarşılığında Bakıda erməni kilsəsi qorunub saxlanılıb. Bu kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır".
Qeyd edək ki, hesabatda Azərbaycanda bəzi dini qrupların sıxışdırıldığı iddia olunub.