Moskva. 12 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Moskvaya gedəcək.
Bunu "Report"a açıqlamasında QMİ-nin sədr müavini Rəşad Əliyarlı deyib.
Onun sözlərinə görə, A.Paşazadə səfər zamanı Moskva və bütün Rusiyanın patriarxı Kirilin 70 illik yubileyində iştirak edəcək. QMİ sədrinin səfəri 2 gün davam edəcək.
QMİ-nin Rusiyadakı nümayəndəsi Şafiq Pşixaçev "Report"a bildirib ki, A.Paşazdə Moskvada bir sıra görüşlər keçirməyi, o cümlədən Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin rəhbəri Ravil Qaynutdinlə görüşməyi planlaşdırır: "Allahşükür Paşazadə "Əhli-Beyt" ictimai təşkilatı və Moskva Cümə Məscidinin rəhbərliyi arasında yaranmış mübahisəni nəzarət altında saxlayır. Bununla bağlı aparılan müzakirələrdə əldə olunan nəticələr Moskvaya səfərinin yekununda açıqlanacaq".