Bakı. 4 sentyabr. REPORT.AZ/ "Din adından istifadə edib dinə iftira atan yalançı mollalar, hətta xaricdə oturub yol göstərənlər də var. Biz onların sözlərinə qulaq asmamalıyıq. Bizim bir vətənimiz var və onu qorumalıyıq".
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
QMİ sədri qeyd edib ki, ermənilər bizi öz əlimizlə vurmaq, milli qarşıdurma yaratmaq istəyirlər: "Bu da Azərbaycanın bugünkü yüksəlişini gözü götürməyən qüvvələrdir. Bəzi insanlar üçün müqəddəs heç nə yoxdur. Xüsusilə də Qərb ölkələrində yaşayanlar üçün yalnız dünya var, axirət yoxdur. Milyonlarla insan evsiz-eşiksiz qalıb. Əgər demokratiyadan danışılırsa, baş verənləri necə qəbul etmək olar?!"
A.Paşazadə bildirib ki, ölkənin dindarlara olan münasibəti hər zaman yüksək səviyyədədir: "Yaradılan imkanlara görə dövlətimizi qorumalıyıq. Din xadimlərinin əsas borcudur ki, əhali arasında maarifləndirmə tədbirlərini lazımi şəkildə yerinə yetirsin. Çalışmaq lazımdır ki, Aşura və digər günlərdə dinə ləkə gəlməsin".
"Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq. Hətta mən özüm də onları əfv etməyəcəyəm. Hər şeyin müqəddəsliyi və qanun var. Aşura günü zamanı hər qazı hesabat verəcək. Ola bilsin, bəzi səhvlər olsun. Gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. Moizələrin olduğu kimi oxunması mütləq deyil, amma məzmun və fikir itməməlidir. Bu günə qədər heç bir müsəlmana Aşura günündə ziyan dəyməyib. Bundan sonra da bu ənənənin qalması üçün əlimizdən gələni edəcəyik", - o vurğulayıb.