Bakı. 8 sentyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Moskva və bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş Azərbaycan, Ermənistan və Rusiyanın dini liderlərinin Dağlıq Qarabağ problemi ilə bağlı üçtərəfli görüşü ərəfəsində baş tutub.
Rus Pravoslav Kilsəsinin rəhbəri QMİ sədrinə Moskvaya səfər etdiyinə görə təşəkkür edib və şeyxin dinlər və xalqlar arasında dialoqun inkişafına böyük töhfə verdiyini qeyd edib.
A.Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi "Dinlərarası Həmrəylik ili" çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib.
Tərəflər sülhməramlı əməkdaşlığın davam etdirməyə hazır olduqlarını bəyan ediblər və qarşıdakı üçtərəfli görüşün Qafqazdakı münaqişənin həllinə kömək edəcəyinə ümid etdiklərini bildiriblər.