"Azərbaycan dünyəvi ölkədir və burada müxtəlif dinlərə etiqad edənlərin hüquqları pozulmur".
“Report” xəbər verir ki, bunu ADA Universitetinin Kommunikasiya və Rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyeva Bakıda "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, SSRİ-yə daxil olana qədər Azərbaycanda 2000 məscid var idi, lakin sovet siyasəti nəticəsində onlardan yalnız 15-i qalmışdı.
"Onların bir çoxundan hətta anbar kimi də istifadə olunurdu. Çoxları müsəlman olduqlarını bilsələr də, bunun nə demək olduğunu dəqiq anlayanlar az idi. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra bir çoxları öz dini kimliklərini yenidən dərk etməyə başladılar", - spiker bildirib.
Ş.Mehrəliyeva islamofobiya ilə mübarizənin vacibliyini də vurğulayıb: “Xüsusən də mövcud vəziyyətlə bağlı həqiqətləri insanlara çatdırmaq üçün bu mövzuda debatların, panellərin keçirilməsi böyük əhəmiyyətə malikdir”.
O, həmçinin mətbuatda ikili standartlara yol verildiyinə, müsəlman olmayan şəxslərin törətdiyi terror aktlarının müsəlman təşkilatlarının məsuliyyəti öz üzərinə götürdüyü hücumlarla müqayisədə daha az işıqlandırıldığına diqqət çəkib: “Bəzi ölkələrdə Quranın yandırılması faktları müsəlmanların haqlı narazılığına səbəb olur. Amma müsəlmanlar müqəddəs kitabın təhqir edilməsi hallarına qarşı çıxanda Qərbdə bu, müsəlman icması tərəfindən təcavüzün növbəti təzahürü kimi təqdim edilir”, - spiker fikrini tamamlayıb.