Quba. 7 fevral. REPORT.AZ/ ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Quba rayonunda olub.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, ABŞ-ın “Etnik Anlaşma Fondu”nun yaradıcısı və rəhbəri ravvin Mark Şnayerin rəhbərlik etdiyi nümayəndə heyəti Qırmızı Qəsəbədə yerləşən yəhudi Sinaqoqunu və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
Kompleksdə nümayəndə heyətinə ermənilərin Qubada törətdiyi soyqırımı barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada tat, yəhudi, buduq, qrız, xınalıq, ləzgi və digər millətlərin nümayəndələri vəhşicəsinə qətlə yetirilərək su arxlarında və quyularda kütləvi şəkildə basdırılıb. Bu dəhşətləri dinləyən nümayəndə heyəti soyqırımı qurbanlarının əziz xatirəsini yad edərək Kompleksin xatirə kitabına ürək sözlərini yazıblar.
Daha sonra Kompleksin muzeyi ilə tanış olan nümayəndə heyətinin rəhbəri M.Şnayer təəssüratlarını mətbuat nümayəndələri ilə bölüşüb.