Yuxarı

Son 6 ayda 147 adda dini məzmunlu kitabın ölkəyə idxalı və yayılmasının qarşısı alınıb

Azərbaycanda indiyədək 632 dini qurum dövlət qeydiyyatına alınıb, qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Ötən dövrdə 672 adda dini məzmunlu ədəbiyyata baxılıb, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 147 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. "Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Dövlət Komitəsi Prezidenti Administrasiyası və Nazirlər Kabinetinin müvafiq tapşırıq və tövsiyələrini nəzərə almaqla işini günün tələblərinə uyğun qurub, aidiyyəti dövlət qurumları ilə əlaqəli fəaliyyət göstərib: "Həyata keçirilmiş birgə tədbirlər nəticəsində ölkədə dini radikalizmlə mübarizə, qeyri-qanuni ibadət yerlərinin fəaliyyətinin dayandırılması, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən, eləcə də ölkəyə qeyri-qanuni idxal edilmiş dini təyinatlı ədəbiyyat və məmulatların satışının qarşısının alınması istiqamətində ciddi uğurlar əldə edilib. Ölkəyə qeyri-qanuni idxal olunmuş və ya respublika ərazisində istehsal edilən, dini nifrəti və ayrı-seçkiliyi ehtiva edən ədəbiyyat və məmulatların satışının qarşısının alınması məqsədilə də mütəmadi tədbirlər həyata keçirilib".

Komitə sədri vurğulayıb ki, dini qurumların dövlət qeydiyyatına alınması prosesi cari ilin altı ayında da davam etdirilib, onların ümumi sayı 632-yə çatıb: "Cari dövrdə “Azərbaycanda dini icmalara maliyyə yardımı göstərilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsaitdən müsəlman və qeyri-müsəlman dini qurumlarına ayırmalar həyata keçirilib. Həmin vəsaitin bölgüsü zamanı komitədə yenidən dövlət qeydiyyatından keçmiş qeyri-müsəlman təmayüllü dini qurumlar və onların təəssübkeşlərinin sayı nəzərə alınıb. Ümumilikdə, qeyri-İslam dini qurumlarına 400 min manat vəsait ayrılıb. Həmçinin ayrılmış maliyyə vəsaitinin bölüşdürülməsi məqsədilə dini icmalardan milli mənəvi dəyərlərimizin təbliğinə, dini maarifləndirmə işinin aparılmasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasına xidmət edən layihələrin qəbuluna başlanılıb və layihələrlə bağlı müvafiq ekspert rəyi verilməsi üçün komitədə qiymətləndirmə komissiyası yaradılıb. Hesabat dövründə qiymətləndirmə komissiyası bir qrup dini icmanın layihəsinə baxıb və müsbət rəy verdikdən sonra komitə həmin layihələri maliyyələşdirib. Hazırda bu istiqamətdə işlər davam edir".

M.Qurbanlı deyib ki, Komitə cari ilin birinci yarısında milli maraqlarımıza zidd, qeyri-ənənəvi dini cərəyanların yayılmasının qarşısını almaq üçün qabaqlayıcı amil kimi maarifləndirmə tədbirlərinə üstünlük verib: "Hesabat dövründə bu məqsədlə bir sıra tədbirlər həyata keçirilib. Belə tədbirlərdən biri kimi “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda 12 regional konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Dövlət Komitəsinin müvafiq şöbələri sıx əməkdaşlıq edir, birgə tədbirlər təşkil olunur".

O qeyd edib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında ölkə gənclərinin milli mənəvi, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə komitə müvafiq dövlət qurumları ilə birgə silsilə xarakterli maarifləndirici tədbirlər keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi