Yuxarı

​Səyyad Salahlı: "Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi var"

Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olub

Bakı. 21 iyul. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, "Həyat Sözü" protestant dini icmasının başçısı Rasim Xəlilov, Azərbaycandakı katolik icmasının rəhbəri Vladimir Fekete və digər qeyri-islam dini icmaların nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi var. Ölkəmizdə hər zaman yəhudilərə doğma münasibət bəslənilib və indiyə qədər bu münasibət davam edir. Azərbaycan hökumətinin bütün dini konfessiyalara bərabər şərait yaratdığını deyən Səyyad Salahlı digər konfessiyalar kimi, yəhudi dini icmasının nümayəndələrinin də ölkəmizdə öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirdiklərini vurğulayıb.

Azərbaycanda hökm sürən tolerant və multikultural mühitdən danışan "Həyat Sözü" dini icmasının başçısı Rasim Xəlilov katolik və provaslav kilsələrinin, eləcə də digər konfessiyaların həm dövlət qurumları, həm də bir-birləri ilə yüksək səviyyədə əlaqələr qurduqlarını deyib.

Azərbaycan xalqının göstərdiyi qonaqpərvərliyə və səmimi münasibətə görə təşəkkür edən Amerika Yəhudi Komitəsinin nümayəndə heyətinin üzvü Adena Filips dünyada antisemitizmlə bağlı problemlərin mövcud olduğu bir dönəmdə Azərbaycanda yəhudilərin sülh və dostluq şəraitində yaşamasının çox sevindirici hal olduğunu bildirib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaqlara Azərbaycanın tolerantlıq mühitindən bəhs edən fotoların yer aldığı kitab hədiyyə edilib.

Amerika Yəhudi Komitəsinin nümayəndə heyətinin üzvləri səmimi qəbula görə təşəkkürlərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi