​Səyyad Aran: "Müsəlman öz günahsız bacı və qardaşlarına qarşı silah işlətməz" - MÜSAHİBƏ

​Səyyad Aran: "Müsəlman öz günahsız bacı və qardaşlarına qarşı silah işlətməz" - MÜSAHİBƏ "Dini ədəbiyyat üzərində müəyyən nəzarətin həyata keçirilməsi senzura kimi başa düşülməməlidir"
Din
18 Fevral , 2016 15:20
​Səyyad Aran: Müsəlman öz günahsız bacı və qardaşlarına qarşı silah işlətməz - MÜSAHİBƏ

Bakı. 18 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlının (Aran) "Report"a müsahibəsi.

- Bu il Azərbaycanda elan olunan "Multikulturalizm ili" çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hansı işləri həyata keçirəcək?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi və keçirəcəyi tədbirlər əsasən iki istiqamətdədir -ölkədaxili və beynəlxalq aləmə yönəlmiş tədbirlər. Tədbirlər planında il ərzində regionlarda "Azərbaycan xalqının tolerant və multikultural dəyərləri - tarixilik, varislik və müasirlik" adlı konfransların keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, dini tədris müəssisələrini, dini icmaları, dini konfessiyaları və ibadət evlərini əhatə edən tədbirlər keçirməyi planlaşdırırıq. Əslində, multikulturalizm və multikulturalizmin tərkib hissəsi olan tolerantlıqla bağlı bizim tərəfimizdən yerlərdə silsilə tədbirlər hər zaman keçirilib. Sadəcə olaraq, bu tədbirlər 2016-cı ildə özünün kulminasiya nöqtəsinə çatacaq. Biz ötən illərdə beynəlxalq tədbirlərimizi, tutaq ki, bizə yaxın olan ölkələrdə, eyni zamanda Azərbaycanın tolerantlıq, multikulturalizm modelinin təbliğ olunmasını zəruri olduğu ölkələrdə keçirirdiksə, bu il bu tədbirlər daha geniş coğrafiyanı əhatə edəcək.

- Bakıətrafı qəsəbələrdə, dini baxımdan həssas olan bölgələrdə hər hansı xüsusi tədbirlər nəzərdə tutulurmu?

- Nardaranda "Bilik evi"nin yaradılması planlaşdırılır.

- Ötən il sizə müraciət edən nə qədər dini icma qeydiyyata alınmayıb? Bunun əsas səbəbləri nədir?

- Öncə onu qeyd etməliyəm ki, ötən il ərzində dövlət komitəsi tərəfindən 52 dini icma qeydiyyata alınıb. Bunlardan 49-u İslam, 3-ü isə qeyri-islam dini icmasıdır.

İslam yönümlü dini icmalar qeydiyyat üçün əvvəlcə sənədlərini Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) göndərirlər. QMİ-dən həmin sənədlər dövlət komitəsinə daxil olur. Hansı icmanın sənədləri yerində olursa, həmin icma qeydiyyata alınır. İcma bəzən ona görə qeydiyyata alınmır ki, onların sənədlərində çoxlu səhvlər olur və sənədlər geri qaytarılır. Bununla bağlı icmaya məktub göndərilir. Məktubda bu məsələ izah olunur.

- Nardaran qəsəbəsindəki "Cümə" məscidi dini icmasının yaradılması prosesi hansı mərhələdədir?

- Həmin dini icmanın qeydiyyatı ilə bağlı sənədləşmə prosesi həyata keçirilir. Yaxın zamanlarda həmin icmanın qeydiyyatı baş tutacaq.

- Nardaranda, eləcə də digər qəsəbələrdə daha bir neçə dini icmanın qeydə alınması nə dərəcədə mümkündür?

- Heç bir dini icmanın qeydiyyatına süni maneçilk yaradılmır. Hansı dini icmanın qeydiyyatı üçün komitəyə müraciət olunarsa və həmin icmanın sənədləri qaydasında olarsa, o icma qeydiyyata alınacaq.

- Tolerantlığın qorunması məqsədilə dini mühitdəki radikal elementlərin qarşısının alınmasında cəmiyyətin rolunu nədə görürsünüz?

- Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf ediblər. Respublikamız çox konfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Ümumilli liderimiz Heydər Əliyev siyasətini layiqincə davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərlik etdiyi ölkəmizdə tolerant, multikultural mühit hökm sürür. Biz bu məsələdə dünyaya bir örnəyik.

O ki qaldı dini radikalizmlə mübarizəyə, Prezident İlham Əliyev ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı sərəncama əsasən dövlət komitəsinin dəstəyi ilə bölgələrdə maarifləndirmə tədbirləri keçirilir. Gənclərin, ağsaqqaların və cəmiyyətin digər nümayəndələrinin iştirak etdiyi həmin tədbirlərdə onlara izah olunur ki, müsəlman öz günahsız müsəlman bacı və qardaşlarına qarşı silah işlətməz. Dinimizdə də bu yolverilməzdir. Heç şübhəsiz ki, bu cür tədbirlər radikal elementlərin qarşısının alınmasında öz müsbət effektini verir. İkincisi də cəmiyyət maarifləndikcə həm radikalların təsirinə düşmür, həm də özü artıq radikalizmə qarşı olur.

- Dini təyinatlı ədəbiyyatın xüsusi, yəni müəyyən olunmuş nəşriyyatlarda nəşrini həyata keçirmək nə dərəcədə mümkündür?

- Azərbaycanda dini ədəbiyyat üzərində müəyyən nəzarət həyata keçirilir. Bu, senzura kimi başa düşülməməlidir. Burada məqsəd dövlətin milli və eləcə də ictimai təhlükəsizliyini qorumaqdır. DQİDK bir neçə nəşriyyatla əməkdaşlıq edir.

- Dini sahədə qanunvericiliyin tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlı nələri qeyd edə bilərsiniz?

- Ötən ilin dekabrında Azərbaycanda Milli Məclis tərəfindən "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun qəbul olunub. Qanunda qeyd olunur ki, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına və qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatları müvafiq dövlət orqanlarına vermək hər kəsin borcudur.

Qanunda o da qeyd olunur ki, dini ekstremist fəaliyyətylə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan olunur. Bu qanunun qəbulunda əsas məqsəd cəmiyyətimizin və dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, dini ekstremizmin aşkar edilməsi, qarşısının alınması və dini ekstremizm nəticəsində gözlənilən zərərin minimuma endirilməsi, dini ekstremizmin yaranması və dini ekstremist fəaliyyətin həyata keçirilməsi səbəblərinin və şəraitinin, habelə dini ekstremizmin maliyyələşdirilməsi hallarının aşkar və ləğv edilməsidir.

- İbadət yerlərinin inşası, bərpası kimi məsələlərin həllinə və prosesin şəffaflığına xidmət edən mexanizm haqqında "hazırda işlək vəziyyətdədir" demək olarmı?

- Müstəqil respublikamızda bütün tarixi ibadət yerləri dövlət vəsaiti hesabına əsaslı şəkildə bərpa edilib. Buna misal olaraq, Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı məscidlərini göstərmək olar. "Heydər" Məscidinin tikilib istifadəyə verilməsi də nəinki Azərbaycanda, eləcə də İslam dünyasında tarixi hadisə idi.

Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy almaq istəyən fiziki və ya hüquqi şəxs DQİDK-yə ərizə ilə müraciət etməlidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin bərpasının, əsaslı təmirinin məqsədəuyğunluğu barədə müsbət rəyin verilməsinə DQİDK tərəfindən bir neçə hal aşkar edildikdə imtina edilə bilər:

Birincisi, dini ibadət yerinin tikintisi və mövcud dini ibadət yerinin yenidən qurulması Azərbaycan Respublikasının Konstitusiyasına zidd olarsa,

İkincisi, dini-memarlıq baxımından məqsədəuyğun sayılmazsa, üçüncüsü, dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının irqi, milli, dini, sosial ədavət və ya düşmənçilik yarada biləcəyi ehtimal olunarsa.

- Dünyəvi dövlət modelinin dindarlar tərəfindən qəbul edilməsində əsas maneəni nədə görürsünüz?

- Bildiyiniz kimi, Azərbaycanda din dövlətdən ayrıdır. Eyni zamanda, bizim dövlət təhsil sistemimiz də dünyəvi xarakter daşıyır. Yəni ölkə əhalisinin təxminən 96 faizi İslam dininə etiqad etsə də, respublikamız dünyəvi bir dövlətdir. Hər kəs, o cümlədən dindarlar da yaxşı başa düşürlər ki, dünyəvi dövlətdə yaşayırlar.

Vətənini, millətini sevən hər bir dindar onun qanunlarına da hörmətlə yanaşmalı, qanundan irəli gələn prinsiplərə riayət etməlidir.

Bir məsələni də vurğulamaq yerinə düşər, dini etiqad hüquq pozuntusuna bəraət qazandırmır.

- Məscidlərin nəzdində mədrəsə və kitabxanaların yaradılması məsələsi gündəmdədirmi?

- Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri Xidmətinin təklifinə, Prezident yanında Bilk Fondunun layihəsinə uyğun olaraq, paytaxtdakı bəzi məscidlərdə kitabxanaların yaradılması istiqamətində işlər həyata keçirilməkdədir. Onu da qeyd etməliyəm ki, bu proses təkcə paytaxt məscidləriylə yekunlaşmır. Belə ki, respublikamızın bütün məscidlərində kitabxanaların yaradılması nəzərdə tutulur. Bu istiqamətdə mütəmadi işlər görülür. Bu kitabxanalar vasitəsilə dini ibadət yerlərinə gələn insanlar öz biliklərini daha da təkmilləşdirəcəklər.

İstənilən dini icma müqqədəs kitabları öyrənmə kursları yarada bilər. Bunun üçün həmin icma Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməli və bu məsələni həmin idarə ilə razılaşdırmalıdır. Bundan sonra isə Dini Qurumlarla İş ürzə Dövlət Komitəsinə məlumat verilir.

Mədrəsələrə gəlincə, qeyd etməliyəm ki, ölkəmizdə din xadimləri və dini ixtisaslar üzrə digər kadrlar hazırlanması üçün dini təhsil müəssisələrini yalnız dini mərkəz və idarələr yarada bilərlər. Yəni mədrəsələri yalnız QMİ yarada bilər. Dini mərkəz və idarələr birdən çox ali dini tədris müəssisəsi yarada bilməz. Dini tədris müəssisələri Təhsil Nazirliyi tərəfindən verilən xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərirlər.

Azərbaycanda üç mədrəsə (Bakı, Zaqatala və Şəkidə) fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi