Səyavuş Heydərov: "Radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması üçün görülən işlər intensiv davam etdiriləcək"

Səyavuş Heydərov: "Radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması üçün görülən işlər intensiv davam etdiriləcək" "Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır"
Din
3 Noyabr , 2015 18:53
Səyavuş Heydərov: Radikal qrupların gəncləri öz təsir dairəsinə salmasının qarşısının alınması üçün görülən işlər intensiv davam etdiriləcək

Bakı. 3 noyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Sumqayıtda “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda seminar-müşavirə keçirib. 

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında fəaliyyət göstərən dini icmaların sədrləri iştirak ediblər.

Komitənin sədr müavini Səyavuş Heydərov ölkədəki dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasəti barədə danışaraq qeyd edib ki, dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir: "Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu sahədə ən effektiv vasitə maarifləndirmə işidir".

Ölkədə dini radikalizm meyillərinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən danışan S.Heydərov bildirib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. O, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili məsələlərinə də toxunub. Vurğulanıb ki, dini radikalizmlə mübarizənin gücləndirilməsi, milli-mənəvi dəyərlərin, tolerantlıq mühitinin qorunub saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə dini maarifləndirmə işinin aparılması zəruridir. Bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışan S.Heydərov bunun qarşısının alınması üçün görülən işlərin intensiv davam etdiriləcəyini diqqətə çatdırıb.

DQİDK-nın sədr müavini ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə dinə münasibətin tamamilə dəyişdiyini, milli-mənəvi dəyərlərə, dinə hər zaman hörmət və qayğı ilə yanaşıldığını xatırladıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib.

Sonra DQİDK-nın Dinşunaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədovun “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları”, Sumqayıt cümə məscidinin axundu Rauf Sərdarovun “İslamda əsl cihad anlayışı və sui-istifadə halları” haqqında məruzələri və digər çıxışlar dinlənilib.

Regionda fəaliyyət göstərən dini icmaların sədrləri əhalinin dini baxışlarının sağlam müstəvidə formalaşdırılması, gənclərin radikal cərəyanların təsirindən qorunması və din xadimlərinin məlumatlandırılması üçün bu cür maarifləndirici tədbirlərə ehtiyac olduğunu vurğulayıblar.

Seminar-müşavirənin sonunda iştirakçılara dini ədəbiyyat paylanıb.

Son xəbərlər

Orphus sistemi